AMADA və Federasiyanın birgə təşkilatçılığı ilə seminar keçirilib

ESTAFET/ Azərbaycan Milli Antidopinq Agentliyi və Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə antidopinq mövzusunda maarifləndirici seminar keçirilib. Tədbirdə dinləyici qismində badminton üzrə milli komandamızın üzvləri, məşqçilər və federasiya rəsmiləri iştirak ediblər. Təqdimat şəklində keçirilən seminarda antidopinq qayda pozuntuları, dopinq təhlükələri,dopinq nəzarəti prosesi haqda idmançılara ətraflı məlumat verilib. Təhsil və təlim üzrə menecer Lalə Hacıyeva qaydalar, mövcud qaydalara riayət olunmayacağı təqdirdə tətbiq olunacaq cəzalar barədə danışıb. Seminarda idmançılara bildirilib ki, onlar istənilən yerdə, istənilən zaman, heç bir xəbərdarlıq olmadan dopinq testindən keçirilə bilər. Qaydalara əsasən idmançı antidopinq qaydalarına riayət etməli, qadağan edilmiş maddə və üsullardan istifadə olunmamasını təmin etməli, müalicəni antidopinq qaydalarına zidd olaraq aparılmadığına əmin olmalı, bununla yanaşı məkan məlumatını təmin etməlidir. İnteraktiv şəkildə keçirilən iclasda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 

Müəllif: Natiq NƏSİROV