Mövsümün ilk yerli çempionatı baş tutdu
ESTAFET/ Milli Gimnastika Arenasının köməkçi zalında Batut gimnastikası üzrə 5-ci və Tamblinq üzrə isə 17-ci Bakı Çempionatı və Birinciliyi keçirilib.
Kişi və qadın gimnastları balacalar, uşaqlar, yeniyetmələr, gənclər, böyüklər yaş kateqoriyasında çıxış edərək, Bakı Gimnastika Məktəbi, Ocaq Sport Klubu və Neftçi İdman Klubunu təmsil ediblər.
Yarışlarda təcrübəli gimnastlarla yanaşı, paytaxtın azyaşlı batutçu və tamblinqçiləri də öz güclərini sınayıblar. Öz yetirmələrinin çıxışlarını məşqçilər ilə yanaşı, valideynlər də izləyərək, dəsktək olublar.
Daha sonra gimnastikanın hər iki növü üzrə bütün yaş kateqoriyalarında mükafatlandırma mərasimi baş tutub. Bəzi yaş qruplarında idmançı sayı az olduğundan, onlara yalnız hədiyyələr təqdim olunub.
Turnirin sonunda isə batut gimnastikası üzrə milli komandanın üzvü Ruslan Ağamirov Gənclər və İdman Nazirliyi tərəfindən verilən “İdman Ustası” adı ilə təltif olunub.
Qeyd edək ki, 8-9 iyun tarixlərində MGA-nın köməkçi zalında Akrobatika Gimnastikası üzrə 26-cı Azərbaycan və Bakı Birinciliyi, həmçinin İdman Gimnastikası üzrə 26-cı Azərbaycan Birinciliyi və Bakı Çempionatı keçiriləcək.