Çimərlik futbolu üzrə Azərbaycan birinciliyi keçirilib

ESTAFET/ AFFA-nın və Çimərlik Futbolu Federasiyasının təşkilatçılığı ilə 10, 14 və 19 yaşadək futbolçulardan ibarət komandalar arasında çimərlik futbolu üzrə Azərbaycan birinciliyi keçirilib.

“Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında ümumilikdə 20 komanda qalib adı uğrunda mübarizə aparıb. CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanan hər 3 yaş qrupu üzrə turnirə yekun vurulub.

10 yaşadək futbolçuların mübarizəsində “Sunami” komandası qalib olub. İkinci yeri EFA, üçüncü pilləni isə 8№ İOEUGİM tutub. “Sunami” komandasının üzvü Bayram Quliyev ən yaxşı qapıçı, 8№ İOEUGİM komandasından Vaqif Məmmədli isə ən yaxşı oyunçu adına layiq görülüb. Turnirin ən məhsuldar futbolçusu David Əbilov (“Gənclik”) olub.

EFA komandası isə 14 yaşadək futbolçuların yarışında birinci yeri tutub. “Təhsil” və “Asta” komandaları yarışı müvafiq olaraq ikinci və üçüncü pillədə başa vurub.

EFA-dan Xəyal Dadaşov yaşıdları arasında bombardir olub. Amir Qaribov (EFA) ən yaxşı qapıçı, Nicat Heydərov (“Təhsil”) isə ən yaxşı oyunçu seçilib.

19 yaşadək futbolçular arasında təşkil olunmuş birinciliyin qalibi isə “İdman Akademiyası” olub. Finalda məğlub olan EFA ikinci, “Soliton” isə üçüncü yeri tutub.

Sonda mükafatlandırma mərasimi keçirilib. Komandalara medallar, diplomlar və turnirin partnyor şirkəti olan “Soliton” və “Sağlam Diş” stomatoloji klinikası tərəfindən xüsusi hədiyyələr təqdim olunub.

Mükafatları Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi, vitse-prezident Fərid Axundov, çimərlik futbolu üzrə milli komandanın baş məşqçisi Zeynal Zeynalov və köməkçi məşqçi İlqar Əbdulov təqdim ediblər.

Qeyd edək ki, iyunun 17-dən 23-dək adıçəkilən məkanda böyüklər arasında Super Liqa turniri təşkil olunacaq. Turnirdə “Standart”, “Yasamal” İK, “Şuşa Qarabağ”, “Neftçi”, “Zirə” və “Marafon Sabirabad” komandaları mübarizə aparacaqlar. Oyunlar hər gün saat 17:30-da, 18:45-də və 20:00-da keçiriləcək. 

Müəllif: Estafet.az