Qadın sablyaçılarımız şəxsi yarışlarda çıxışlarını başa vurublar
ESTAFET/ Almaniyanın Düsseldorf şəhərində Avropa çempionatına start verilib. Qitə çempionatının ilk günündə qadın sablyaçıların şəxsi yarışında yığma komandamızın üzvlərindən Səbinə Kərimova, Sevil Bünyatova, Anna Başta və Valeriya Bolşakova mübarizə aparıb.
Qrup mərhələsində keçirdiyi 5 görüşdən 1-də qalib gələn Səbinə Kərimova və bu mərhələni qələbəsiz bitirən Sevil Bünyatova pley-offa vəsiqə qazana bilməyib.
Qrup mərhələsini 5 qələbə ilə başa vurmaqla mütləq nəticəyə imza atan Valeriya Bolşakova isə birbaşa 1/16 final mərhələsinə yüksəlib. Bolşakova bu mərhələdə Yunanıstan təmsilçisi Teodora Gkountouraya 4:15 hesabı ilə uduzub.
Qrupda keçirdiyi 5 görüşdən 4-də qalib gələn Anna Başta 1/32 finalda Türkiyə idmançısı Unludağ Deniz Selin üzərində 15:5 hesablı qələbə qazanıb. Anna 1/16 finalda ukraynalı Alina Komaşçuka 10:15 hesabı ilə məğlub olub.