Cüdoçularımızdan daha 3 medal: Minsk 2019

ESTAFET/ Minskdə keçirilən 2-ci Avropa Oyunlarında fərdi cüdo yarışları başa çatıb. Azərbaycan cüdoçuları son gündə daha 3 bürünc medal qazanıblar. Məmmədəli Mehdiyev (-90 kq), Elmar Qasımov (-100 kq) və İrina Kindzerska (+78 kq) fəxri kürsünün 3-cü pilləsinə qalxıblar.
Qeyd edək ki, yarışların 2-ci günü Rüstəm Orucov və Hidayət Heydərov (hər ikisi -73 kq) müvafiq surətdə gümüş və bürünc medala sahib olub. Beləliklə Azərbaycan millisi fərdi yarışları 5 medalla (1 gümüş və 4 bürünc) başa vurub.
Cüdoçularımıza həm Avropa Oyunlarının, həm də Avropa çempionatının medalları təqdim olunub. İyunun 25-də cüdo üzrə qarışıq komanda yarışları keçiriləcək. Azərbaycan millisi ilk olaraq Fransa cüdoçuları ilə qarşılaşacaq.
