Dviçayo beynəlxalq turnirdə gümüş qazandı

ESTAFET/ Beninin Kotonu şəhərində "Benin International 2019" turnirinə yekun vurulub. Kişilərin şəxsi yarışında ölkəmizi təmsil edən Edi Reski Dviçayo turnirin gümüş medalını qazanıb. Mübarizəyə əsas mərhələdən qoşulan badmintonçumuz 1/16 finalda Kot-d'İvuar idmançısı Aleks Zlobeyə 2:0 (21-10,21-8) hesabı ilə qalib gəlib. Edi 1/8 finalda hindistanlı Harşit Aqarval üzərində 2:0 (21-18,21-17) hesablı qələbə qazanıb. 1/4 finalda badmintonçumuzun rəqibi ABŞ təmsilçisi Timoti Lam olub. Gərgin keçən qarşılaşmanın sonunda Edi təcrübəli rəqibini 2:1 (21-16,21-23,21-18) hesabı ilə məğlub edib. Yarımfinalda Hindistan badmintonçusu Alap Mişra ilə görüşdə 2:0 (21-17,21-16) hesabı qələbə qazanan Dviçayo həlledici final görüşündə London və Rio olimpiadasının iştirakçısı, Şri-Lanka təmsilçisi Niluka Karunaratne ilə qarşılaşıb. Badmintonçumuz təcrübəli rəqibinə 0:2 (21-23,17-21) hesabı ilə uduzaraq turniri 2-ci sırada tamamlayıb. 

Müəllif: Orxan NOVRUZOV