Qılıncoynatma üzrə dünya çempionatına start verilib
ESTAFET/ Bu gün Macarıstanın paytaxtı Budapeşt şəhərində qılıncoynatma üzrə dünya çempionatına start verilib.
İyulun 23-nə kimi davam edəcək turnirdə Azərbaycan yığma komandası kişilərin şpaqa və qadınların sablya yarışında təmsil olunacaq. Şpaqada Kənan Əliyev və Ruslan Həsənov,sablyada isə Səbinə Kərimova,Sevil Bünyatova, Anna Başta və Valeriya Bolşakova çıxış edəcək. Yarışın proqramına əsasən, iyulun 16-da Kənan Əliyev və Ruslan Həsənov kişi şpaqaçıların şəxsi yarışında ilkin mərhələdə mübarizəyə qoşulacaq. Şpaqaçılarımız 64-lüyə düşəcəyi təqdirdə iyulun 19-da bu kateqoriya üzrə əsas mərhələdə mübarizəni davam etdirəcək. Səbinə Kərimova, Sevil Bünyatova, Anna Başta və Valeriya Bolşakova isə iyulun 17-də qadın sablyaçıların şəxsi yarışında ilkin mərhələdə qüvvəsini sınayacaq. Qadın sablyaçıların şəxsi yarışında əsas mərhələnin görüşləri iyulun 20-də keçiriləcək. Qadın sablyaçılarımız iyulun 23-də dünya çempionatının sonuncu günündə komanda yarışında mübarizə aparacaq.