Vüqar Talıbovdan gümüş medal
ESTAFET/ Bakıda keçirilən Gənclərin Avropa Olimpiya Festivalında (EYOF) cüdo yarışları davam edir. 73 kq çəki dərəcəsində mübarizə aparan Vüqar Talıbov yalnız bir görüşdə uduzaraq gümüş medal qazanıb. Azərbaycan cüdoçusu Belarus, Çexiya, Türkiyə təmsilçilərini məğlub edərək finala çıxıb. Talıbov həlledici görüşdə İtaliya idmançısı Luici Centraccioya məğlub olub. Beləliklə, yeniyetmələrdən ibarət milli komandamız EYOF-da aktivinə 4-cü medalı yazdırıb. Yarışların ilk günü Turan Bayramov qızıl, Şükran Zamanlı və Gülşən Bəşirova bürünc medala layiq görülüb. İyulun 26-ı oğlanlarda 81, 90, +90, qızlarda isə 70 və +70 çəki dərəcələrinin qaliblərinin adına aydınlıq gələcək. Qeyd edək ki, Olimpiya Festivalına 40 ölkədən 297 cüdoçu qatılıb. Onlardan 165-i oğlan, 132-i qadındır. Heydər Əliyev adına İdman Sarayında baş tutan cüdo yarışlarına saat 10:30-da start verilir.