Yunan-Roma güləşçilərimizin Göygöl toplanışı davam edir

ESTAFET/ Yunan-Roma güləşi üzrə yığmamız iyulun 14-dən Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışı keçir.

Xəbər verdiyimiz kimi, hazırlıq prosesində baş məşqçi Şaban Donat, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Emin Əhmədovla Turac Hüseynli, eləcə də gənclərdən ibarət millimizin böyük məşqçisi Nurəddin Rəcəbovun rəhbərliyi altında həm əsas, həm də gənclərdən ibarət komandanın üzvləri iştirak edir. Həm açıq, həm də qapalı məkanlarda baş tutan məşqlərdə əsas diqqət fiziki hazırlığa yönəldilib. Təlim-məşq toplanışı iyulun 31-dək davam edəcək.

Qeyd edək ki, böyüklər üçün ilin əsas sınağı sentyabrın 14-dən 22-dək Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək lisenziya xarakterli mundialdır. Ancaq buna qədər yığma üzvləri avqustda Rumıniya və Gürcüstanda təşkil olunacaq beynəlxalq turnirlərdə qüvvələrini sınayacaqlar. Gəncləri isə gələn ayın ortalarında Estoniyanın paytaxtı Tallində baş tutacaq dünya çempionatı gözləyir. 

Müəllif: Natiq NƏSİROV