"Şadam ki, qələbə qazandıq": Roberto Bordin

ESTAFET/ "Neftçi”nın baş məşqçisi Roberto Bordin futbol üzrə UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinin "Arsenal” klubu ilə səfər oyunu sonrası mətbuat konfransında fikirlərini açıqlayıb. Qələbəyə görə sevindiyini bildirən italiyalı mütəxəssis futbolçuların oyuna yanaşmasından razı qaldığını deyib:

 

"Nəticədən və oyundan razıyam. Şadam ki, qələbə qazandıq. Dünən demişdim ki, ağır oyun olacaq. Belə də oldu. Futbolçularımızın oyuna yanaşmasından çox razı qaldım. Onlar tapşırıqları düzgün yerinə yetirdilər. Pressinq tətbiq edib, rəqibə orta xəttə oynamağa imkan vermədilər. Sonradan meydana daxil olan futbolçulardan da razıyam. Onlar eyni tempi saxlamağı bacardılar. Qələbə münasibətilə komandamı təbrik edirəm”.

 

Sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb: "Taktika rəqibdən asılı olaraq dəyişir. Bu gün rəqibi sıxıb, irəlidə oynamağa imkan verməməyə çalışdıq. Ən çox da hücum xəttimizi qeyd edərdim. Həm cinah yarımmüdafiəçilərimiz, həm də hücumçumuz tapşırıqları düzgün yerinə yetirdilər. Mərhələni keçmək şansımızın neçə faiz olduğunu deməyim səhv olardı. Bu gün qələbənin dadını çıxarıb, sabahdan cavab matçına ciddi hazırlaşmalıyıq. Bu gün qalib gəlsək də, rəqibə hörmətlə yanaşırıq. Darionun hər iki ayağında qıcolma vardı. Mikrozədəsi olan digər futbolçularımız da var. Vəziyyətlərinin nə yerdə olduğuna sabah aydınlıq gələcək. Mərhələni keçəcəyimizə söz vermək böyük səhv olardı. Azarkeşlərimizin bura gəlib, bizi dəstəklədiklərinə görə çox sevinirəm. Onları qələbə münasibətilə təbrik edirəm. "Arsenal” məğlub olsa da, yaxşı oynadı, amma hansısa futbolçusunu xüsusi vurğulamağı düzgün saymıram”. 

Müəllif: Natiq NƏSİROV