"İstədiyimiz nəticəni qazanmaq üçün sonadək vuruşmalıyıq": Bordin

ESTAFET/ Futbol üzrə UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində avqustun 1-i saat 21:00-da "Bakcell Arena” stadionunda keçiriləcək "Neftçi” – "Arsenal” oyunu öncəsi komandamızın baş məşqçisi Roberto Bordinin və futbolçu Rəhman Hacıyevin iştirakı ilə mətbuat konfransı təşkil olunub. Əvvəlcə yarımmüdafiəçi oyun haqda fikirlərini bildirib: "Çətin oyun olacaq. Bu görüşə ciddi hazırlaşmışıq. Ümid edirəm, sabah qalib gələcəyik”.

 

Hacıyev jurnalistlərin suallarını da cavablandırıb: "Komandada əla ab-hava var. Sabahkı oyunu səbirsizliklə gözləyirik”.

 

Sonra söz baş məşqçiyə verilib: "Bizi ilk görüşdəkindən daha çətin oyun gözləyir. Rəqib də fərqli oyun göstərməyə çalışacaq. "Arsenal” çox güclü komandadır. Bunu ilk oyunda da göstərdilər. Sonadək mübarizə aparıb, nəticəni dəyişməyə cəhd etdilər. İlk dəqiqələrdən sonadək konsentrasiyamızı itirməməliyik”.

 

Roberto Bordinin KİV nümayəndələrinin suallarına cavabı belə olub: "İngiltərə və Rusiya "Arsenal”ını müqayisə etməzdim. Hərəsinin öz özəlliyi var. Mərhələ adladığımızı düşünmək olmaz. Tula təmsilçisi ciddi rəqibdir və Bakıya cütün taleyini həll etmək üçün gəlib. Təbii ki, ilk oyundan sonra cüzi üstünlüyümüz var. Bundan əlavə, sabah doğma azarkeşlərimizin gözü önündə mübarizə aparacağıq. İstədiyimiz nəticəni qazanmaq üçün sonadək vuruşmalıyıq. Deməzdim ki, sabah biz və ya rəqib tərəfdən sürprizlər olacaq. Məncə, rəqib ilk dəqiqələrdən hesabı xeyrinə dəyişməyə çalışacaq. Meydana çıxanda bir həftə əvvəlki nəticəni unutmalıyıq. Bu günkü məşqdən sonra start heyətini müəyyənləşdirəcəyik. Baqali Dabo hələ tam hazır deyil. Amma çox şadam ki, bərpa prosesini sürətlə keçir. Hazır olan kimi ondan faydalanacağıq. Əlbəttə, beynəlxalq təcrübə çox vacibdir. "Arsenal”ın beynəlxalq təcrübəsi olmasa da, Rusiya Premyer Liqasında çıxış edir, zəif rəqib deyil. Hazırda Rusiya çempionatının davam etməsi həm rəqib, həm də bizim üçün üstünlük ola bilər. Oyun praktikası "Arsenal” üçün üstünlükdür. Amma bunun bizim üçün də üstün tərəfi var. Çünki çempionat oyunu keçirmirik və bərpa üçün kifayət qədər vaxtımız olub. Futbolçularıma inamım böyükdür. Məqsədimiz 1:0 hesabını qorumaq olmayacaq”.

 

Konfransdan sonra komandamızın ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olan məşqi baş tutub. 

Müəllif: Natiq NƏSİROV