"Biz azarkeşlərimizin yanındayıq": Qurban Qurbanov

ESTAFET/ Futbol üzrə UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab qarşılaşmasında “Dandolk”u 3:0 məğlub edərək, növbəti mərhələyə yüksələn “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib. Təcrübəli mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.

- Futbolçularımı təbrik edirəm. Çox intizamlı oyun sərgilədik. Oyuna ciddi hazırlaşmışdıq. Gərgin oyun alındı. İlk oyuyndan sonra da bunu bildirmişdim. Rəqib xarakterli komandadı. Çox iddialı və inamlı danışırdılar. Düşünürəm ki, futbolçularımız bacardıqlarını göstərdilər və azarkeşlərimizə gözəl qələbə hədiyyə etdilər.

- Yerli futbolçuların çıxışı barədə nə deyə bilərsiniz?

- Biz kollektiv oyun göstərdik. Əlbəttə, istəyərdik ki, bütün epizodları qola çevirək.

- Üstünlük komandanızın tərəfində olsa da, ikinci hissənin müəyyən epizodunda komanda oyundan qopdu. Bu nə ilə bağlıdı?

- Əlbəttə ki, məğlub olan komanda aktivlik göstərir. Qalib gələn tərəf isə 90 dəqiqə eyni tempdə oynaya bilməz.

- Ozobiçin vəziyyəti nə yerdədi?

- Sabah dəqiq bilinəcək. Amma düşünürəm ki, yüngül zədə deyil.

- “Apoel”in məşqçiləri oyunda idilər. Siz necə, rəqibinizi izləmisiniz?

- Müəyyən oyunlarını izləmişik. Düşünürəm ki, hamımızı maraqlı qarşılaşmalar gözləyəcək.

- Polislərlə azarkeşlər arasındakı münaqişə barədə nə deyə bilərsiniz?

- Onlar “mehriban düşmən”dilər. Hər zaman uzağı 1-2 gün saxlayıb buraxırlar və azarkeşlər qalib gəlir. Biz azarkeşlərimizin yanındayıq.

- “Apoel”lə “Neftçi” arasındakı hadisələri heç kəs unutmayıb. Komandanızdakı azürbaycanlı futbolçuları psixoloji cəhətdən bu rəqibə qarşı hazırlamaq mümkün olacaqmı?

- Bu idmandı. Biz futbolçuları başqa yöndən kökləməyə çalışsaq, məğlub olarıq. Çalışmalıyıq ki, bütün konsentrasiyamızı oyuna yönəldək. 

Müəllif: Natiq NƏSİROV