Elmir və Laçın dünya çempionatının finalında
ESTAFET/ Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə güləşçilər arasında dünya çempionatı davam edir. Altıncı yarış günündə son 5 yunan-Roma güləşçimiz mübarizəyə qoşulub.
Fərid Sadıxlı təsnifat mərhələsində güclü rəqiblə üz-üzə gəlib. Avropa Gənclər Olimpiya Festivalının (EYOF) qızıl medalçısı gərgin mübarizə şəraitində keçən görüşdə Rusiya təmsilçisinə minimal hesabla qalib gəlib. Lakin 1/8 finalda qazax güləşçiylə bacarmayıb. Rəqib finala yüksəldiyi üçün Sadıxlı təsəlliverici görüşdə qüvvəsini sınayacaq.
Elmir Əliyev ilk mərhələni bir göz qırpımında başa vurub. EYOF-un qalibi argentinalı rəqibini cəmi 1 dəqiqə ərzində "tuşe" ilə məğlub edib. Elmirin qarşısında misirli idmançı da duruş gətirməyib. Əliyev Rumıniya təmsilçisinə də gücünü göstərərək yarımfinala vəsiqə qazanıb. Ukraynalı güləşçinin də kürəyini yerə vuran həmyerlimiz finala yüksəlib.
Həsrət Cəfərov debütdə qazax həmkarını üstələyib. Ancaq növbəti mərhələdə iranlı pəhləvana məğlub olub.
Rauf Əliyev Serbiya təmsilçisinə ilk hissədə tam üstünlüklə qalib gələrək mundiala inamlı start verib. Mingəçevir güləş məktəbinin yetirməsi növbəti mərhələdə yunan güləşçiylə qarşılaşıb. Yığmamızın üzvü ikinci hissədə qazandığı xallarla vaxtından əvvəl qələbəni bayram edərək 1/4 finala yüksəlib. Ancaq bu mərhələdə İran pəhləvanı keçilməz olub. Rəqib finala yüksəldiyi üçün Əliyev təsəlliverici görüşdə iştirak şansı əldə edib.
Mübarizəyə 1/8 finaldan qoşulan Laçın Vəliyev İsrail təmsilçisini yolundan kənarlaşdırıb. Belarus idmançısını da məyus edən Vəliyev adını yarımfinala yazdırıb. Finalın bir addımlığında rəqib Türkiyə güləşçisi olub. Laçın son Avropa çempionatında qalib gəldiyi güləşçidən növbəti dəfə güclü olub və dünya çempionatının finalına adlayan 4-cü yunan-Roma güləşçimiz olub.
Qeyd edək ki, təsəlliverici və medal görüşləri sabah keçiriləcək. Təsəlliverici qarşılaşmalar Bakı vaxtı ilə saat 17:00-da, həlledici görüşlər isə 19:00-da başlayacaq.
45 kq
Təsnifat: Fərid Sadıxlı - Valeri Manqutov (RUS) 4:3
1/8 final: Fərid Sadıxlı - Samatbek İzimqali (KAZ) 4:15
Təsəlliverici görüş: Fərid Sadıxlı - Harş Harş (İND)
51 kq
Təsnifat: Elmir Əliyev - Eduardo Lovera (ARG) 4:0 (tuşe)
1/8 final: Elmir Əliyev - Məhəmməd Şaban (EGY) 5:0
1/4 final: Elmir Əliyev - Denis Florin Mihay (ROU) 4:2
1/2 final: Elmir Əliyev - Vladimir Voytoviç (UKR) 5:0
FİNAL: Elmir Əliyev - Seyid İsmayili Leivesi (İRİ)
60 kq
Təsnifat: Həsrət Cəfərov - Əziz Qasımov (KAZ) 10:4
1/8 final: Həsrət Cəfərov - Seyid Söhrabi (İRİ) 1:3
71 kq
Təsnifat: Rauf Əliyev - Uros Rayiç (SRB) 8:0
1/8 final: Rauf Əliyev - Andreas Vasilakopulos (GRE) 9:0
1/4 final: Rauf Əliyev - Rza Rəcəb Əli Saki (İRİ) 0:3
Təsəlliverici görüş: Rauf Əliyev - Data Çxaidze (GEO) / Yoan Alin Dosoftei (ROU)
92 kq
1/8 final: Laçın Vəliyev - Maik Haimov (İSR) 5:0
1/4 final: Laçın Vəliyev - Vladislav Valodin (BLR) 2:0
1/2 final: Laçın Vəliyev - Oktay Demir (TUR) 5:1
FİNAL: Laçın Vəliyev - Muxammed Yevloyev (RUS)