İsgəndər Cavadov Gəncədə veteranlarla görüşdü

ESTAFET/ AFFA tərəfindən Gəncə futbolunun kuratoru təyin edilən İsgəndər Cavadov Nizami yurdunun futbol veteranları ilə görüş keçirib. Şəhər stadionunun bazasında reallaşan görüşdə müxtəlif dövrlərdə “Kəpəz”in şərəfini qorumuş veteranlar iştirak edib.

“Siz mənim üçün əziz insanlarsız, bəzilərinizlə eyni dövrdə futbol oynamışam. Siz Gəncə futbolunun sütunusuz” deyə İsgəndər Cavadov sabiq oyunçuları salamlayıb. Daha sonra Gəncə futbolunun kuratoru bunları əlavə edib:

“Gəncə Azərbaycan futbolunda iz qoyub. Bu işdə rolunuz danılmazdır. Futbolumuzun inkişafı üçün əziyyət çəkmisiz. Sizin dəstəyinizə ümid edirəm, birlikdə fəaliyyət göstərib, birləşib “Kəpəz”i bu durumdan çıxarmalıyıq. Veteranlar kubun yanında olmalıdırlar. Yavaş-yavaş hər şeyi yoluna qoyub, mövcud şəraiti yaxşılığa doğru dəyişəcəyik. Bir az səbr etmək lazımdır”.

Gəncənin Azərbaycan futbolunun mayakı olduğunu söyləyən Gəncə Futbol Veteranları Klubunun rəhbəri Müzəffər Qasımov isə sözlərinə belə davam edib: “Təəssüflər olsun ki, bu gün vəziyyət fərqlidir. Son 10 ildə Premyer Liqada özünü layiqincə göstərən, doğruldan yerli futbolçumuz olmayıb. Ona görə uşaq futbolundan başlamaq lazımdır. Sizdən xahiş edirik ki, inkişafa təkan verəsiz”.

Çıxış edən digər veteranlar Nurəddin Əliyev, Vahid Abbasov, Məhəmməd Məmmədov və digərləri İsgəndər Cavadovu təyinatı ilə bağlı təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıblar. Veteranlar Gəncə futbolunun, “Kəpəz”in dirçəlməsi üçün kluba hərtərəfli dəstək verməyə hazır olduqlarını bildiriblər. 

Müəllif: Natiq NƏSİROV