Elmar Qasımov dünya çempionatında 5-ci oldu
ESTAFET/ Yaponiyanın paytaxtı Tokioda keçirilən cüdo üzrə dünya çempionatı davam edir. Mötəbər yarışın 6-cı günü Azərbaycan millisinin daha 2 cüdoçusu tatami üzərinə çıxıb. -100 kq çəkidə mübarizə aparan kişi cüdoçumuz Elmar Qasımov mundialda 5-ci yeri tutub. İdmançımız Belarus, Rusiya və Braziliya təmsilçilərini məğlub edərək 1/4 finala adlayıb. O, yarımfinal yolundakı rəqibi Mixael Korrelə (Hollandiya) heç bir şans verməyib.
Elmar finala vəsiqə uğrunda qarşılaşmada portuqaliyalı Jorj Fonseka ilə üz-üzə gəlib. Rəqibinə uduzan cüdoçumuz bürünc medal uğrunda görüşdə də yaponiyalı Aaron Volfa məğlub olub. Bu gün tatamiyə çıxan digər cüdoçumuz Zelim Kotsoyev ilk mərhələdə braziliyalı rəqibinə qalib gəlsə də, 2-ci görüşdə yapon təmsilçisinə yenilib. Qeyd edək ki, cüdo üzrə dünya çempionatına sentyabrın 1-də yekun vurulacaq.