Premyer Liqada ilk məşqçi dəyişikliyi
ESTAFET/ Futbol üzrə Azərbaycan Premyer Liqasında mövsümün ilk məşqçi dəyişikliyi baş verib. "Sabah” klubunun rəsmi saytında verilən məlumata görə, baş məşqçi postunda dəyişiklik edilib.
Bildirilib ki, əsas komandanın baş məşqçisi Elşad Əhmədov bundan sonra klub prezidentinin müşaviri vəzifəsini yerinə yetirəcək. Qərar klub rəhbərliyilə təcrübəli mütəxəssis arasında qarşılıqlı razılıq əsasında qəbul olunub. "Ötən mövsüm Premyer Liqada debüt edən "Sabah”ın formalaşmasında, komandanın qurulmasında böyük əməyi olan Elşad Əhmədovun mütəxəssis kimi bilik və bacarığına klubun inkişafında ehtiyac var”, - deyə məlumatda qeyd olunub.
Əsas komandanın baş məşqçi postu müvəqqəti olaraq klubun əvəzedici kollektivinin baş məşqçisi Rövşən Babayevə həvalə olunub. Yaxın günlərdə klubun Müşahidə Şurasının növbədənkənar iclası keçiriləcək. İclasda komandanın son nəticələri müzakirə edilməklə yanaşı, yeni baş məşqçinin təyinatı məsələsinə də baxılacaq.