Eldəniz bürünc, Rafiq gümüş medal qazandı
ESTAFET/ Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı start götürüb. İlk yarış günündə yunan-Roma güləşi üzrə 55, 63, 72 və 82 kq-da mübarizə baş tutub.
Eldəniz Əzizli ilk görüşdə hindistanlı rəqibinə vaxtından əvvəl qalib gəlib. Dünya çempionu 1/4 finalda cəmi 1 dəqiqə 21 saniyəyə monqolustanlı həmkarını devirərək yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında yerli pəhləvana məğlub olan titullu güləşçimiz ümidini bürünc medala bağlayıb. Əzizli sentyabrın 15-də amerikalı güləşçiylə 3-cü yer uğrunda güləşib və cəmi 39 saniyəyə qələbəni rəsmiləşdirib.
Elman Muxtarov startda erməni rəqibinə uduzub.
Sənan Süleymanov debütdə Xorvatiya idmançısını üstələyib. Həmyerlimiz 1/8 finalda əzmkar qələbə qazanıb. Gürcüstan güləşçisiylə görüşdə 3:5 hesabıyla geridə olsa da, möhtəşəm geridönüş edib. Ancaq 1/4 finalda macar rəqibiylə bacarmayıb.
Rafiq Hüseynov təsnifat mərhələsində Moldova təmsilçisini məğlub edib. Ukrayna idmançısı da yığmamızın üzvünə müqavimət göstərə bilməyib. Təcrübəli pəhləvanımız 1/4 finalda yerli güləşçini də məyus edərək adını yarımfinala yazdırıb. Yarımfinalda İran pəhləvanıyla qarşılaşma dramatik keçib. Son dəqiqədə əsl əzmkarlıq nümayiş etdirən Rafiq uğurlu fəndlə qələbə qazanaraq karyerasında ilk dəfə dünya çempionatının finalına vəsiqə qazanıb. Sentyabrın 15-də Gürcüstan güləşçisiylə həlledici qarşılaşmaya çıxan Hüseynov gərgin keçən mübarizədən məğlub ayrılıb və gümüş medalı boynundan asıb.
55 kq
1/8 final: Eldəniz Əzizli - Manjet Manjet (İND) 8:0
1/4 final: Eldəniz Əzizli - Davaabandi Munx Erdene (MGL) 9:0
1/2 final: Eldəniz Əzizli - Xorlan Jakanşa (KAZ) 5:11
Bürünc medal görüşü: Eldəniz Əzizli - Maks Emilyano Nouri (USA) 8:0
63 kq
1/8 final: Elman Muxtarov - Slavik Qalstyan (ARM) 7:16
72 kq
Təsnifat: Sənan Süleymanov - Dominik Etlinger (CRO) 2:0
1/8 final: Sənan Süleymanov - Yuri Lomadze (GEO) 11:5
1/4 final: Sənan Süleymanov - Balint Korpasi (HUN) 0:6
82 kq
Təsnifat: Rafiq Hüseynov - Mihail Bradu (MDA) 6:0
1/8 final: Rafiq Hüseynov - Yuri Şkriuba (UKR) 7:0
1/4 final: Rafiq Hüseynov - Maxat Yerejepov (KAZ) 7:1
1/2 final: Rafiq Hüseynov - Səid Murad Abdvali (İRİ) 8:5
FİNAL: Rafiq Hüseynov - Laşa Qobadze (GEO) 3:5