“Qarabağ”ın 10-cusu: Rəşad Premyer Liqada 200-ə çatdı

ESTAFET/ Futbol üzrə Azərbaycan Premyer Liqasının V turu “Qarabağ”ın futbolçusu Rəşad Sadıqov üçün əlamətdar olub. 37 yaşlı müdafiəçi kapitanı olduğu Ağdam klubunun heyətində 200-cü çempionat oyununa çıxıb. Bu, arxa xətt oyunçusunun mövsümdə ilk qarşılaşması olub.

Karyerası ərzində “Turan” və “Neftçi”də də oynamış Sadıqov 2009/10 mövsümündən “Qarabağ”da çıxış edir. Bu müddətdə 8 qola sevinən müdafiəçi Ağdam klubunun tarixinə ölkə çempionatlarında 200 və daha çox matç keçirən 10-cu futbolçu kimi düşüb.

Xatırladaq ki, Rəşad bir müddət öncə “Qarabağ”da ümumilikdə bütün turnirlər nəzərə alınmaqla 300-cü matçını keçirib. Bu, Çempionlar Liqasının “Partizani” ilə Tiranadakı qarşılaşmasına təsadüf edib. 

Müəllif: Orxan NOVRUZOV