Rus həmkarı Azad Rəhimovu beynəlxalq foruma dəvət etdi

ESTAFET/ Bu gün Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov Rusiya Federasiyasının idman naziri Pavel Kolobkov ilə görüşüb. Qonağı salamlayan nazir Azad Rəhimov, 2018-ci ilin sentyabr ayında “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında idman sahəsində əməkdaşlıq haqqında” imzalanmış Sazişin çox böyük uğurla həyata keçirldiyini, sənədin idmanın inkişafında müstəsna rol oynadığını diqqətə çatdırıb. Daha sonra Azad Rəhimov bildirib:

“Saziş hər iki ölkənin idmanın inkişafında, yeni idmançı nəslinin yetişməsibdə çox böyük rol oynayır. Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin demək olar ki, hər birində Rusiya idmançıları aktiv şəkildə iştirak edir, yüksək pillələri qazanırlar. Növbəti ilin Olimpiya ili olacağını nəzər alsaq, demək ki, bizi daha məsuliyyətli və gərgin il gözləyir.”

Qəbul üçün təşəkkürünü bildirən Pavel Kolobkov da öz nöbəsində 2018-ci ildə Soçi şəhərində imzalanmış Sazişin əhəmiyyətindən və ötən il ərzində qarşılıqlı əməkdaşlıq sayəsində qazanılan uğurlardan söz açdı. Nazir bildirib ki, 2020-ci ilin avqust ayında Kazanda ilk dəfə olaraq MDB ölkələrinin idman yarışları keçiriləcək. Gənclər arasında baş tutacaq bu yarışa 2000-dən çox qonaq qatılacaq. Pavel Kolobkov çıxışının davamında bunları vurğulayıb:

“Azərbaycan söz əsl mənasında idman ölkəsinə çevrilib. İstər idman infrastrukturu, istərsə də, idman yarışlarınının təşkili ən yüksək səviyyədə gerçəkləşir. Əminik ki, 2020-ci ildə ilk dəfə Kazanda keçiriləcək MDB ölkələrinin idman yarışları idman sevərlərin yaddaşında uzun müddət həkk olunacaq. Əgər, 2022-ci ildə baş tutacaq nöbəti yarış Azərbaycanın payına düşərsə, o zaman da hər şeyin yüksək səviyyədə gerçəkləşəcəyini indidən deyə bilərik. Hal hazırda əsas məqsədlərdən biri MDB ölkələrinin idman yarışlarının keçirilməsində xüsusi komandanın qurulması və tədbirlər planının işlənib hazırlanmasıdır.”

Görüşün sonunda Rusiya Federasiyasnın idman naziri Pavel Kolobkov Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimovu 10-11 oktyabr 2019-cu il tarixdə Rusiyanın Nijni Novqorod şəhərində gerçəkləşəcək “Rusiya İdman ölkəsi” Beynəlxalq idman forumuna dəvət edib. 

Müəllif: Natiq NƏSİROV