Anna Baştadan növbəti uğur

ESTAFET/ Qadınlardan ibarət sablya üzrə milli komandamızın üzvü Anna Başta Belçikanın Gent şəhərində keçirilən “Satellite” seriyalı “Flemish Open” turnirinin qalibi olub.

Qrup mərhələsində keçirdiyi 6 görüşü qalib başa vuran Anna, mütləq nəticə ilə birbaşa turnirin 1/16 final mərhələsinə yüksəlib. Bu mərhələdə kolumbiyalı Quarin Lopez (15:5) üzərində inamlı qələbə qazanan sablyaçımız,1/8 finalda belçikalı Jolien Korteyni 15:11 hesabı ilə məğlub edib. Turnirin 1/4 finalında Azərbaycan dueli baş tutub. Qrup mərhəsini 5 qələbə ilə başa vuraraq pley-offda Almaniya təmsilçisi Liza Ruetgers (15:4) və honkonqlu Au Sin Yinq (15:13) üzərində qələbə qazanan Sevil Bünyatova Anna Baştaya rəqib olub. Maraqlı mübarizə şəraitində keçən görüşdə Anna Sevili 15:11 hesabı məğlub edib. Başta yarımfinalda argentinalı Maurise Perezə heç bir şans verməyib - 15:4. Finalda Hindistan idmançısı Anandha Çadalavadaya 15:10 hesabı ilə qalib gələn Anna Başta qadın sablyaçıların şəxsi yarışında “Flemish Open” turnirinin qızıl medalını qazanıb.

Digər qadın sablyaçılarımızdan qrupda qaazndığı 4 qalibiyyətlə pley-offa yüksələn Valeriya Bolşakova 1/16 finalda Böyük Britaniya təmsilçisi Tamara Karnaka (15:8) qalib gəlsə də, 1/8 finalda argentinalı Maurise Perezə 12:15 hesabı ilə uduzub.Qrupu 5 qələbə ilə başa vuran Səbinə Kərimova isə 1/16 finalda italiyalı Fusko Paqano üzərində 15:13 hesablı qələbə qazanıb. Kərimova 1/8-də digər italiyalı sablyaçı Eloisa Passaroya 14:15 hesabı ilə uduzub. Qrupu 3 qələbə ilə bitirən Aysel Əhədova da pley-offa adlamağı bacarıb. Əhədova 1/32 finalda Erin Konkoranı 15:11 hesabı ilə məğlub etsə də, 1/16-də turnirin gümüş medalçısı Anandha Çadalavadaya (Hindistan) 3:15 hesabı ilə məğlub olub.

Kişi sablyaçıların şəxsi mübarizəsində Cavanşir Ağakişiyev qrupda qazandığı 4 qələbə sayəsində pley-offa yüksəlsə də,burada Avstraliya qılıncoynadanı Dik Jadrinə 14:15 hesabı ilə uduzub.

Müəllif: Natiq NƏSİROV