“Əsas mərhələni qrup qalibi kimi başa vurmalıyıq”: Joze Alesio Da Silva

ESTAFET/ Bu gün Bakı İdman Sarayında dünya çempionatının əsas mərhələsinin oyunlarına hazırlığını davam etdirən futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silvanın və komandanın üzvü Xətai Bağırovun brifinqi olub.

Joze Alesio Da Silva: “Sabah – 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür. Bu münasibətlə Azərbaycan xalqını təbrik edirəm. Təlim-məşq toplanışına isə dünəndən başlamışıq. Hazırlığımızı plan üzrə davam etdiririk. Təbii ki, komandanın qarşısına konkret məqsəd qoyulub. Əsas mərhələni qrup qalibi kimi başa vurmalıyıq. İşlərimizi də bu məqsədə nail olmaq istiqamətində qurmuşuq. Ancaq heyətlə bağlı problemlərimiz var. Kardoso Everton və Carvalho Vilela Dos Santos zədə səbəbindən komandaya qoşula bilməyəcəklər. Rəqiblərimiz haqda məlumat toplamışıq. Hər oyun bizim üçün vacibdir. Slovakiyanın əsas rəqibimiz olduğunu düşünə bilərsiniz, amma buna qədər Moldova və Monteneqronu məğlub etməliyik. Hazırlığımızı da bu istiqamətdə davam etdiririk”.

Xətai Bağırov: “Toplanış çərçivəsində ikinci məşqimizi keçiririk. Hazırlıq prosesində baş məşqçi rəqiblərimizə qarşı necə oynayacağımızı məşq etdirir. Komandanın qarşısına konkret tapşırıq qoyulub. “Araz”la UEFA Çempionlar Liqası turnirindəki nəticələrimiz yaxşı olmadı. Turniri 5-6 meydan oyunçusu ilə keçirdik. Dörd gün ərzində ardıcıl 3 oyun keçirdiyimizə görə, yorğunluq var idi. Bakıya döndükdən sonra 3 gün istirahət etdik. İndi hər şey qaydasındadır. Rəqiblərimizdən Slovakiya və Moldova ilə əvvəlki illərdə qarşılaşmışıq, uğurlu nəticələrimiz olub. Bu dəfə doğma meydanda, azarkeşlərimiz qarşısında oynayacağıq. Əlbəttə, yaxşı nəticə qazanmalıyıq”.

Müəllif: Estafet.az