Cüdoçularımız Abu Dabidə daha 2 medal qazanıblar

ESTAFET/ Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabi şəhərində keçirilən cüdo üzrə “Böyük Dəbilqə” beynəlxalq turnirinə yekun vurulub. Yarışın son günü Azərbaycan millisi aktivinə daha iki medal yazdırıb.

-100 kq çəki dərəcəsində yarışan Zelim Kotsoyev Fransa, Macarıstan, Pakistan və Türkiyə idmançılarına qalib gələrək finala çıxıb. Həlledici qarşılaşmada Koreya təmsilçisi Ço Quhama uduzan təmsilçimiz "Böyük Dəbilqə"nin gümüş medalına sahib olub.

Ağır çəkidə (+100 kq) mübarizə aparan cüdoçumuz Uşangi Kokauri Abu-Dabidə bürünc medal uğrunda görüşə çıxıb.  Təmsilçimiz Ukrayna idmançısı Aleksandr Qordiyenko ilə üz-üzə gəlib. Cüdoçumuz rəqibinə qalib gələrək bürünc medala layiq görülüb.

Beləliklə Azərbaycan cüdoçuları Abu Dabidə 3 medal qazanıblar. Nüfuzlu yarışın ilk günü Orxan Səfərov gümüş medala sahib olmuşdu. Qeyd edək ki, Azərbaycan millisi yarışa 10 kişi və 5 qadın cüdoçu ilə qatılıb.

Müəllif: Bəhruz MƏMMƏDOV