Gimnastlarımız qızıla da sahib oldular
ESTAFET/ Bu gün İsrailin Holon şəhərində akrobatika gimnastikası üzrə 29-cu Avropa Çempionatı başa çatıb. Yarışların son günü təmsilçilərimiz Azərbaycan gimnastikası tarixində ilk dəfə olaraq Avropa Çempionatının gənclər yaş qrupunda qızıl medalını qazanmağa nail olublar.
Kişi cütlüyü tərkibində çıxış edən Murad Rəfiyev və Daniel Abbasov bütün rəqiblərini geridə qoyaraq, temp hərəkətlərinin finalında 28.600 xalla Avropa çempionu adına layiq görülüblər. Bununla da gimnastlar tam bir medal dəstini əldə ediblər. Daha öncə onlar balans hərəkətlərinə görə bürünc, çoxnövçülükdə isə gümüş medal qazanıb.
Bu gün daha bir medalı böyüklər arasında çıxış edən Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlıdan ibarət qarışıq cütlük əldə edib. Gimnastlar temp hərəkətlərinin final mərhələsində 28.680 xalla bürünc medala layiq görülüb. Son Avropa Oyunlarının mükafatçıları çempionatın ikinci günü balans hərəkətlərinə görə bürünc medal qazanıblar, çoxnövçülükdə isə onlar 5-ci olublar.
Böyüklərin yarışında kişi cütlüyü tərkibində mübarizə aparan Seymur Cəfərov və Murad Əkpərov isə medalın bir addımlığında dayanıb. Balans hərəkətlərinin finalında 28.550 xal alan gimnastlarımız 4-cü yerdə qərarlaşıb. Çöxnövçülükdə onlar 5-ci, temp hərəkətlərinin finalında isə 6-cı olublar.