Karate üzrə Azərbaycan çempionatı keçiriləcək
ESTAFET/ 22-24 noyabr tarixlərində Bakı İdman Sarayında Yeniyetmə və Gənclər arasında 20-ci Respublika Birinciliyi, Böyüklərin isə 27-ci Azərbaycan çempionatı keçiriləcək.
Gənclər və İdman nazirliyi, Azərbaycan Karate-Do Federasiyaları Assosiasiyası və Milli Karate Federasiyasının birgə təşkil etdiyi yarışda 12-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr, 16-17 və 18-21 yaşadək gənclər, həmçinin böyüklər mübarizə aparacaq. Kişi və qadınlar, eləcə də para-karate üzrə çıxış edənlər 22 noyabrda, 12-13 yaşlı uşaqlar və 14-15 yaşlı yeniyetmələr ertəsi günü, 16-17 və 18-21 yaşadək gənclər isə bazar günü çempionata qatılacaq.
Respublika çempionatının mükafatçıları müxtəlif yaş dərəcələrində milli komandaların heyətinə cəlb olunmaqla, növbəti ildə yarışlarda Azərbaycanı təmsil edəcəklər.
21 noyabr saat 15:00-da isə hakimlər və məşqçilər üçün növbəti respublika seminarı keçiriləcək. Hakimlər komitəsinin sədri Cahangir Babayevin rəhbərliyi altında seminarda qaydalarda dəyişikliklər və yeniliklərlə bağlı məlumat veriləcək.