Qadın sablyaçılarımız Dünya Kubokunun mərhələ yarışında 11-ci oldu

ESTAFET/ Qadın sablyaçılarımız Amerika Birləşmiş Ştatlarının Solt-Leyk-Siti şəhərində keçirilən Dünya Kubokunun mərhələ yarışında iştirak edib.
Sablyaçılarımızdan şəxsi yarışlarda Valeriya Bolşakova və Anna Başta turnirin əsas mərhəsinə yüksəlməyi bacarıb. Qrupda keçirdiyi 6 görüşdən 5-ni qalib başa vuran Valeriya 1/32 finalda macarıstanlı Yuliya Pohl-Mikulika 15:14 hesabı ilə qalib gəlib.Sablyaçımız 1/16 finalda Rusiya millisinin liderlərindən sayıllan Sofya Velikaya ilə qarşılaşıb. Valeriya təcrübəli rəqibinə 10:15 hesabı ilə uduzub. Qrup mərhələsini 4 qələbə ilə bitirən Anna Başta isə əsas mərhələyə yüksəlmək üçün pley-offda ilk olaraq çinli Xiaoye Jiaya 15:13 ardınca Polşa təmsilçisi Angelika Vatora 15:8 hesabı ilə qalib gəlib. Anna 1/32 finalda Cənubi Koreya sablyaçısı Sooyeon Çoiyə 8:15 hesabı ilə məğlub olub. Digər sablyaçılarımızdan qrupda 4 qələbə qazanan Sevil Bünyatova pley-offda amerikalı Maia Çemberleynə 14:15 hesabı ilə məğlub olub. Qrupda 4 qələbəsi olan Səbinə Kərimova isə pley-offda Çin idmançısı Şen Çenə 11:15 hesabı ilə uduzub.
Komanda yarışında 1/16 finalda Honkonq yığmasına 45:38 hesabı ilə qalib gələn sablyaçılarımız ən güclü 8 komanda sırasına yüksəlmək üçün keçirilən görüşdə Rusiya millisinə 28:45 hesabı ilə uduzub. 9-12-ci yerlər uğrunda görüşdə Yaponiya sablyaçıları üzərində 45:26 hesablı qələbə qazanan komandamız 9-10-cu yer uğrunda qarşılaşmada İspaniyaya 42:45 hesabı ilə uduzub. Sevil Bünyatova, Səbinə Kərimova, Anna Başta və Valeriya Bolşakovadan ibarət komandamız 11-ci yer uğrunda görüşdə Almaniya yığmasını 45:37 hesabı ilə məğlub edib.
