Karateçilər ili 76 qızıl, 109 gümüş və 97 bürünc medalla başa vurdular
ESTAFET/ Azərbaycan Milli Karate Federasiyası 2019-cu ildə təqvim plana əsasən işlərini effekli başa vurub. Yola saldığımız ildə bir çox rəsmi yarışlarda iştirak etməklə yanaşı, ölkədaxili beynəlxalq turnirlər, seminar və tədbirlər təşkil edilib. Milli komandanın üzvləri yarışlarda yüksək nəticələr əldə ediblər.
Avqustda Dünya Karate Federasiyasının (WKF) Hakimlər Komitəsinin sədri Xavyer Eskalantenin rəhbərliyi ilə nümayəndə heyətinin yerli hakimlər üçün seminarı təşkil edilib. Naxçıvanda Ulu öndər Heydər Əliyevin 96-cı ildönümünə həsr edilmiş “Heydər Əliyev kuboku” uğrunda “Naxçıvan Open” Beynəlxalq karate turniri, 10-cu “Baku Open-2019” Beynəlxalq turniri, Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovun 50 illik yubeliyenə həsr olunmuş uşaqlar arasında “Olimpiya Ümidlərı” beynəlxalq karate turniri, 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş beynəlxalq turnir təşkil edilib.
Müxtəlif yaş qruplarında karateçilərimiz 2019-cu ildə beynəlxalq yarışlarda – 62 qızıl, 46 gümüş, 76 bürünc qazanıblar. Bu mükafatlara adları qeyd edilən rəsmi yarışlardan Yeniyetmə və Gənclərin Avropa çempionatından 4 qızıl və 1 bürünc medal, böyüklərin Avropa çempionatından 1 qızıl, Yeniyetmə və Gənclər arasında Dünya çempionatından 1 gümüş və 2 bürünc, 1 gümüş və 3 bürünc, Avropa oyunlarından isə 1 qızıl, 3 gümüş və 1 bürünc medal əlavə olunub.
WKF-in rəsmi turnirlərinə gəlincə, 2 qızıl və 1 bürünc medal Dünya kubokunda, 3 qızıl, 4 gümüş və 7 bürünc Karate1 Premyer Liqa turnirlərində, 1 qızıl, 1 gümüş və 1 bürünc Karate1 SeriyaA turnirlərində, 2 qızıl, 3 gümüş və 5 bürünc medal isə Gənclərin Liqa turnirlərində qazanılıb.
İl ərzində beynəlxalq turnirlər və rəsmi yarışların ümumi nəticələrini nəzərə alsaq, müxtəlif yaş qruplarında milli komandanın üzvləri 76 qızıl, 109 gümüş və 97 bürünc olmaqla, ümumilikdə 282 medala sahib olublar. Ölkədaxili keçirilən beynəlxalq turnirlərdə yerli idmançılar böyük üstünlük təşkil etdiyindən, onların nəticələri rəsmi staistikaya daxil edilməyib.
2019-cu ildə əldə edilən uğurlara görə idmançı və mütəxəssisləri ənənəvi mükafatlandırma mərasimində Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri cənab İlham Əliyev qazanılan nəaliyyətlərdən fəxrlə danışaraq, ildən-ilə artan nəticələrin sevindirici olduğunu və bu uğurların Azərbaycanın beynəlxalq imicinə müsbət təsir göstərdiyini bildirib. Son illər olduğu kimi bu dəfə də Azərbaycan Milli Karate Federasiyasının məhsuldar fəaliyyəti diqqətdən kənar qalmayıb. Milli komandanın liderlərlərindən, bu il Avropa üçüncüsü və Avropa oyunlarının qalibi olmuş Asiman Qurbanlıya yeni mənzilin orderi təqdim olunub.
2020-ci ildə AMKF-i daha ciddi hədəflər, martda Bakıda böyüklərin 55-ci Avropa çempionatı və Tokio Olimpiadasına vəsiqə qazanmaqla hər iki əhəmiyyətli yarışlarda yüksək nəticələr əldə etmək vəzifələri durur.