Sərbəst güləş üzrə xatirə turniri keçiriləcək

ESTAFET/ Yanvarın 15-də sərbəst güləş üzrə 20 Yanvar şəhidi Müşviq İsayevin xatirə turniri keçiriləcək. Bakı İdman Sarayında baş tutacaq yarışda 2003-04 təvəllüdlü yeniyetmə güləşçilər mübarizə aparacaq. 23-cü dəfə təşkil olunacaq ənənəvi turnirdə pəhləvanlarımızla yanaşı, Rusiya, Gürcüstan, Qazaxıstan və Özbəkistan təmsilçiləri də qüvvəsini sınayacaq.

Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Güləş Federasiyasının təşkilatçılığıyla reallaşacaq Memorialın keçirilməsində məqsəd Müşviq İsayevin xatirəsini yad etməklə yanaşı, yeniyetmələr arasında sərbəst güləşin inkişafına və kütləviliyə nail olmaq, ölkədə güləşin bu növü üzrə perspektivli idmançıları aşkar etməkdən ibarətdir. 

45, 48, 51, 55, 60, 65, 71, 80, 92 və 110 kq-da baş tutacaq mübarizənin yekununda fəxri kürsüyə qalxan güləşçilər medal, diplom və kuboklarla yanaşı, pul mükafatı ilə təltif olunacaq. Yarışın açılış mərasimi saat 16:30-da başlayacaq. 

Qeyd edək ki, sabah Bakı İdman Sarayında hakimlərin və məşqçilərin seminarı baş tutacaq. Bundan sonra isə püşkatma mərasimi keçiriləcək.

Müəllif: Natiq NƏSİROV