Zərifə Almaniyada keçirilən U-15 və U-17 turnirlərinin qalibi olub
ESTAFET/ 14 yaşlı qılıncoynadanımız Zərifə Hüseynova Almaniyanın Münhen şəhərində keçirilən U-15 və U-17 kateqoriyalı açıq turnirlərin qalibi olub
Zərifə Hüseynova ilk olaraq 15 yaşadək sablyaçıların yarışında 18 iştirakçı arasında birinci olub. Sablyaçımız müvafiq kateqoriya üzrə 3 görüş keçirib. İlk görüşündə Lina Baueri (Almaniya) 15:6 hesabı ilə məğlub edən Zərifə ardınca digər Almaniya təmsilçisi Jozefin Koberi 15:4 hesabı ilə üstələyib. Zərifə həlledici görüşdə Tereza Landsleytnerə (Almaniya) 15:9 hesabı ilə qalib gəlib.
Zərifə eyni uğuru 17 yaşadək sablyaçıların yarışında da təkrarlayıb. Mübarizəyə 1/4 finaldan qoşulan Hüseynova ilk görüşündə Almaniya təmsilçisi Ruz Seyqneri 15:4 hesabı ilə məğlub edib. Sablyaçımız yarımfinalda Çex Respublikası idmançısı Kristina Bursikovaya aşkar üstünlüklə (15:2) qalib gəlib. Finalda Zərifənin rəqibi digəri çexiyalı sablyaçı Kristina Drahoradova olub. Görüş sablyaçımızın 15:9 hesablı qələbəsi ilə başa çatıb.