"Onları milli ilə səfərdə görmək istəmərik": Elxan Məmmədov
ESTAFET/ Bu gün AFFA-nın növbəti konfransının ardından İcraiyyə Komitəsinin yeni tərkibdə ilk iclası keçirilib. İclasdan sonra qurumun yeni icraçı vitse-prezidenti Elxan Məmmədov və vitse-prezidenti Vaqif Sadıqovun iştirakı ilə mətbuat konfransı baş tutub.
Daha sonra çıxış edən Vaqif Sadıqov yeni vəzifədə etimadı doğrultmağa çalışacağını söyləyib: “Mən Azərbaycan futboluna sadiq insanam. Vəzifə mənim üçün önəmli deyil. Milli komandanın baş məşqçi məsələsi çox vaxt alır. Ortaq məxrəcə gələ bilmədik. Namizəd çox idi. Ayrı-ayrı fikirlər səsləndi. Fikirlərimizi gələn İcraiyyə Komitəsinin iclasında bir daha bildirəcəyik”.
- Baş katib postuna təyinat rəsmiləşdimi? Sizin təyinatın Azərbaycan futboluna töhfə baxımından hansı addım atılacaq?
- E. M.: Baş katiblik işi yenə mənə həvalə olundu. Çünki oxşar səlahiyyətlərdir. Bu işi davam etdirməyə də hazıram. Sayın artırılması önəmli haldır. Futbol, milli komandaların sayı böyüyür. Beynəlxalq tədbirlər, müxtəlif layihələr həyata keçiririk. İcraiyyə Komitəsinin üzvləri artıq öz sahələri üzrə məsuliyyət daşıyacaqlar. Könül xanımın seçilməsi də bizim üçün önəmlidir. O, bizim UEFA-dakı nümayəndəmizdir. Çox gənc yaşdan bizimlə çalışır.
- Rövnəq Abdullayev bildirdi ki, Şamaxıda yeni arena inşa olunacaq. Şimal zonasında Sumqayıtı çıxmaq şərtilə normal futbol oynamağa meydança yoxdur. Buna bir tədbir görüləcəkmi?
- E. M.: “Sumqayıt”da yenidənqurma prosesinə start verilib. Digər bölgələrdə də yeni infrastruktur imkanları yaratmağa çalışacağıq.
- “Hər yerdə futbol” devizinə başlamısız. Bəs buna kim nəzarət edəcək?
- E. M.: Bu, sağlam həyat tərzini və kütləviliyi təbliğ etmək üçündür. Biz kəndlərdə stadion tikməyəcəyik. Məktəblərin yanında normal qapılar quraşdırılacaq, toplar veriləcək. Oradakı müəllimlər uşaqları idmana cəlb etmək məsuliyyəti daşıyacaq. İlk olaraq 50 məktəbdə bu prosesə başlayacağıq.
V. S: Hər bir layihə varsa, onun icrası olmalı və nəzarət edilməlidir.
- Millinin baş məşqçi məsələsi kimlərlə müzakirə olunacaq?
- V. S.: Bir neçə mütəxəssislə məsləhət aparmalıyıq. Ən yaxın ehtiyat qüvvə komandalarını da müzakirə edirdik. Milli komanda ilə bağlı məsələ açıq qalıb. Bu məsələni gənclər yığmasının baş məşqçisi ilə də müzakirə edəcəyik. Milliyə ən yaxın olacaq bir yığma yaratmaq tövsiyə olundu. Ora da yerli məşqçi təyin etmək lazımdır ki, özünü göstərə bilsin.
- Sizin təyinatınız hansı ehtiyacdan yaranır?
- E. M.: Əvvəllər iki vitse-prezident mütəmadi olaraq AFFA-da oturmurdular. İcraçı vitse-prezident və bir vitse-prezident artıq mütəmadi AFFA-da olacaq. İcraiyyə Komitəsində 13 üzv varsa, icraçı vitse-prezidentin sayı da artmalı idi. AFFA prezidentinin də təklifi o idi ki, iki vitse-prezident daim AFFA-da olsun. Ötən il UEFA-da bir komitəyə sədr seçildim. Eyni zamanda, UEFA-da və FİFA-da icraçı vitse-prezident kimi daha çox imkanlar yaranacaq.
- Növbəti yığıncaqda millinin baş məşqçisi bilinəcəkmi?
- E. M.: Namizədlər çoxdur. 32 namizədimiz var. Heç biri ilə danışıqlar aparılmayıb. Onlar hazırda vakant məşqçilərdir. İcraiyyə Komitəsi ümumi istiqamət bildirmək üçün öz fikirlərini bildirdi. Hər İcraiyyə Komitəsi üzvü növbəti iclasa qədər öz fikrini bildirəcək. Növbəti iclasa qədər siyahı 13-15-ə enəcək.
V.S.: Bu məsələ xeyli müzakirə olundu. Azərbaycanda həmişə istedadlı məşqçilər olub, indi də var. Bunların ətrafında müzakirələr davam edir.
- Əvvəl yüksək ödənişli məşqçilər, sonra daha aşağı ödənişli məşqçi çalışdı. Seçimdə bu, rol oynayacaqmı?
- E.M.: Fikirləri bilirik. Bəziləri titullu, böyük məşqçiləri məsləhət gördülər. Bəzilər tanınmamış, köməkçi-məşqçilər təklif etdi. Qonşu ölkələrdən məşqçi gətirilməsi, Azərbaycanda işləmiş əcnəbi məşqçi məsələsi müzakirə olundu. İşi daha da asanlaşdırmaq üçün üzvlər konkret namizədlərini bizə göndərəcəklər. Çox güman ki, 15 gündən sonra növbəti iclas olacaq.
- Müavininiz Sərxan Hacıyevin taleyi necə olacaq?
- E. M.: O, yenə baş katibin müavini vəzifəsində qalacaq. Qeyri-rəsmi məlumatlara inanmayın. Onun işindən tam razıyıq.
- Premyer Liqada və I divizionda komanda sayı hələ artmayıb. Növbəti mövsüm üçün hansı addımlar atılacaq?
- V.S.: Bugünkü iclasda bu məsələ də müzakirə olundu. Prezident tərəfindən təsdiq olundu ki, komanda sayı növbəti mövsüm artmalıdır. Neçə komanda olacağını bilmirik. Amma mütləq say artmalıdır və yeni gələnlər bölgələri təmsil etsinlər. Biz də istəyirik ki, bölgələrdə futbol inkişaf etsin.
- E.M.: Məqsədimiz Premyer Liqada 10 komandanın iştirakıdır.
- Aşağı yaş qruplarında siqaret çəkən uşaqlarla bağlı məlumatlar yayıldı. Halbuki millinin oyunçuları belə, qəlyan çəkirlər...
- E.M.: Hər bir baş məşqçi komandasına məsuliyyət daşıyır. Bəziləri buna yumşaq yanaşa bilər. Biz sağlam həyat tərzini təqdim edirik. Siqaretə, qəlyana yox deyirik. Onların sağlamlığa mənfi təsiri var. Peşəkar idmançı karyerasını düşünürsə, siqaret, qəlyan çəkməməlidir. Klublardakı futbolçular peşəkar idmançılardır. Onlar özləri də sağlamlıqlarına görə məsuliyyət daşıyırlar. Samir Əliyev bizimlə əlaqə saxlayıb məlumat verdi ki, iki futbolçunu kənarlaşdırmaq istəyirəm, biz də onun qərarını dəstəklədik.
- V.S.: Bu işin davamı üçün klublarla birlikdə mübarizə aparmalıyıq.
- Bəzi regionlarda stadion var, futbolçu yoxdur. Futbolun inkişafı yönündə nə vaxt konkret addımlar atılacaq?
- E.M.: Azərbaycanda elə bölgə yoxdur ki, AFFA tərəfindən keçirilən yarışlarda mütəmadi iştirak etməsin. Bu, mümkün deyil. Varsa deyin, biz bir tədbir görək. Ölkəmizdə Premyer Liqa necə olmalıdırsa, uşaq futbolu da o qaydada keçirilməlidir. Bəzi qurumlar bu məsələdə passivdirlər. Bizim prioritet məqsədimiz uşaq futbolunu genişləndirməkdir. Ola bilsin ki, hansısa şəhər stadionunda oynamırlar. Bizə yüksək qiymət deyə bilərlər ki, bizə də bundan imtina edirik.
- 2015-ci ilin dekabrında yaradılan Media Komitəsi 2 il fəaliyyət göstərildi. Sonra deyildi ki, bu məsələ müzakirəyə çıxarılsın, amma bir xəbər çıxmadı. Belə bir situasiya yaranıb ki, AFFA bu qurumun yaradılmasında maraqlı deyil və bəzi media orqanlarına maliyyə dəstəyi edir...
- E.M.: Media Komitəsinin yaradılmasını AFFA təşəbbüs göstərmişdi. İki il ərzində fəaliyyət göstərdi. Özlərinin fəaliyyət göstərməsi üçün şərait yaratdı. Ancaq sonra gördük ki, həmin komitənin daxilində problemlər yarandı. Kənardan izləmək qərarına gəldik. İki illik fəaliyyətdən sonra maliyyə hesabatında öz əksini tapdı. İdman nazirliyinin tərkibində belə bir federasiya yaranırsa, bizim bunu bərpa etməyimiz düzgün olmaz. AFFA rəsmisi Firuz Abdulla da artıq orda təmsil olunur. Əminəm ki, idman nazirliyinin təşəbbüsü ilə yaradılan jurnalistlər federasiyası uğurlu layihələr ortaya çıxaracaq. O ki qaldı maliyyə dəstəyinə, biz milli komandanın səfər oyunlarına media nümayəndələrini aparırıq. Biz onlara bu baxımdan dəstək göstərmək istəyirik. O mediaya ki, etik normalara riayət edir, sağlam tənqidə savadı, mədəniyyəti, davranışı çatır. Belə media orqanlarına hörmətlə yanaşacağıq və dəstəkləyəcəyik. Təhqirə yol verən, yalan məlumatlara yol verənləri milli ilə səfərdə görmək istəmərik. Sonra İcraiyyə Komitəsi üzvləri administrativ heyətə irad tuturlar. Daha çox imkanımız olsa, gənclərdən ibarət yığmanın səfərləri zamanı da media nümayəndələrini özümüzlə aparacağıq. Ədalətli medianı dəstəkləməyə davam edəcəyik.
- Danışılmış oyunlarla bağlı sizdən yeni adlar gözləyirik. İstintaq bitdimi?
- E.M.: İstintaq davam etdirilir. Hüquq-mühafizə orqanlarına minnətdarlığımızı bildiririk. Onlar olmadan bu istiqamətdə işlər apara bilməzdik. Bizdə olan məlumata görə, digər idman növlərinin nümayəndələrinin də futbola müdaxiləsi var. Amma onlara cəza verə bilmərik. Çünki futbolla məşğul olmayıblar. Virusu hələ məhv etməmişik, bu, çox çətindir. Cinayət işlədən insanlar, bunu bir daha təkrarlamağa çalışırlar. Bütün dünyada bu problem var. Bəzi ölkələrdə federasiyalar aktiv mübarizə aparırlar, eyni ilə bizimki kimi.
- Birinci divizionun formatında hansısa dəyişiklik gözlənilirmi?
- V.S.: İclasda bu məsələyə də baxıldı. Məşqçilər Komitəsinin tövsiyəsi budur ki, I divizion Premyer Liqa ilə bağlı olsun. Vahid sistem əldə edə bilsək, I diviziondan ilk iki yeri tutanlar elitaya vəsiqə qazanacaqlar. Bu yöndə işlər aparılır. Hazırda danışılmış oyunlarla bağlı problemlər də mövcuddur. Sevinirik ki, gənclər bu siyahıda yer almayıblar. I divizionun sistemini təkmilləşdirməyə ehtiyac var.
- Region Liqası çox maraqlı turnirdir. 3 mövsümdür ki, liqada iştirak edən komandalar var. Onların I diviziona yüksəlmək şansları nə qədərdir?
- E.M.: Bu, uğurlu layihədir. Hər iclasda Region Liqası ilə bağlı müzakirələr gedir. Bizim əsas məqsədimiz təməldən düzəltmək idi. Stabil komanda yarandıqdan sonra da I divizionda oynamalarını istəyirik. Yerli icra hakimiyyəti də bunda maraqlı olmalıdır. 3 illik vaxtı ona görə qoyduq ki, həmin bölgənin futbola olan marağını öyrənək. Hazırda I diviziona hansı komandanın gətirilməsi məsələsi müzakirə olunur.
- Bəzi qüvvələr AFFA-dan ayrılacağınızı düşünürdülər. Halbuki bu gün yerinizi daha da möhkəmləndirdiniz. Bunu rəqibləriniz üzərində təmiz qələbə saymaq olar?
- E.M.: Mən bu cür yanaşmıram. Öz funksiyamı davam etdirəcəyəm. Biz bilirik ki, güclüyük. AFFA-nın qapıları futbolumuzun inkişafını düşünən hər kəsin üzünə açıqdır. Futbolumuzda elə bir şəxs yoxdur desin ki, AFFA rəsmiləri ilə görüşmək istəyib, buna nail olmasın. Tənqid edənlərin də üzünə hər zaman qapımız açıqdır. Futbolla məşğul olan tənqidə hazır olmalıdır. Biz tənqidə hörmətlə yanaşmalı, obyektiv tənqiddən dərs götürməliyik. Bu, mübarizə deyil. Bizim məqsədimiz sağlam həyat tərzini, futbolun kütləviliyini təbliğ etməkdir.
- Klublar akademiyaların mövcudluğunda maraqlı deyillər. UEFA-dan ayrılan məbləğlər də əsas komandaya sərf edilir. Belə görünür ki, bu problem uzun illər davam edəcək. Bununla bağlı hansısa tədbirlər görüləcəkmi?
- E.M.: UEFA-dan gələn vəsait avrokuboklardakı çıxışla bağlıdır. Klublardan tələb edirik ki, bu məbləğ uşaq futboluna yatırılmalıdır. Təəssüf ki, bəzi klublar bunun 50 faizini akademiyaya yatırır. Son vaxtlar klubların nəzdində akademiyada irəliləyiş var. Biz də hər cür köməyə hazırıq.
- Yeni baş məşqçi təyinatı zamanı onun qarşısına konkret məqsəd qoyulacaqmı?
- E.M.: Martın 3-də Amsterdamda püşkatma olacaq. Orada düşəcək komandalara uyğun da tələb qoyulacaq. Püşkatmadan sonra məqsədlər bilinəcək. Ümid edirəm ki, baş məşqçi təyinatı püşkatmadan əvvəl olar.