Ənənəvi “Zirve Awards” mükafatları təqdim olunub
ESTAFET/ Yanvar ayının 30-da Zirvə Beynəlxalq İdman Klublarının 2019-cu ilin idman yekunlarına həsr olunmuş ənənəvi “Zirve Awards” mükafatlarının təqdimetmə mərasimi keçirilib. Tədbirdə Azərbaycan idmanının tanınmış simaları, dünya və Avropa, Olimpiya çempionları və mükafatçıları, il ərzində uğurlu nəticələri fərqlənmiş, həmçinin digər şəxslər iştirak ediblər.
Budəfəki mərasim digərlərindən fərqli olub. Belə ki, klub rəhbərliyi yeniyetmə və uşaq idmanının inkişafı və təbliğini üstün tutaraq qaliblər siyahısına məhz bu istiqamətdə fərqlənən şəxsləri daxil edib. Mükafata layiq görülən idmançıların heç birinin yaşı 17-dən yuxarı olmayıb, digər nominasiyalarda təltif edilən şəxslər də məhz bu yaşa qədər idmanın inkişafındakı xidmətlərinə görə fərqləndiriliblər. Mükafatlar iki bölmədə – Azərbaycanı beynəlxalq arenada layiqli təmsil edənlər və 7-ci “Zirvə” Beynəlxalq Uşaq Oyunarında fərqlənənlər üzrə təqdim edilib. “Zirve Awards”da “İlin idmançısı”, “İlin hakimi”, “İlin məşqçisi”, “İlin federasiyası”, “Uşaq İdmanının İnkişafındakı Xidmətlərinə görə”, “İlin media qurumları”, həmçinin “Zirvə Oyunları”nda “İlin klubu”, “İlin komandası”, “İlin təşkilatçısı”, “İlin ən yaxşı idmançısı”, “Uşaq İdmanının Təbliğindəki roluna görə” və “Olimpiya ümidləri” nominasiyaları üzrə qaliblər elan edilib.
Mərasimdə Azərbaycan Gənclər və İdman Nazirliyinin idman şöbəsinin rəisi Fərid Mansurov, Azərbaycan Azərbaycan Karate Federasiyasının prezidenti Yaşar Bəşirov, Azərbaycan Basketbol Federasiyasının prezidenti Nadir Nəsibov, Milli Olimpiya Komitəsinin şöbə müdiri Həsənağa Rzayev, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Abdullayev, Azərbaycan Boks Federasiyasından Tofiq Babanlı, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Cüdo Federasiyasının baş katibi Elmar Babanlı və digərləri, həmçinin Zabit Səmədov, Toğrul Əsgərov, Eduard Məmmədov, Rafael Ağayev, Vüqar Ələkbərov, Fuad Aslanov, Rəsul Çunayev, Hacı Əliyev, Cəbrayıl Həsənov və digər tanınmış idmançılar, eyni zamanda media nümayəndələri iştirak edirdilər.
Tədbir il ərzində Azərbaycan idmanında baş verən mühüm hadisələr, əldə olunan uğurlar, həmçinin “Zirvə” BİK-in illik hesabatı – idmançıların qazandıqları uğurlar, təşkil olunan yarış və tədbirlər, həyata keçirilən infrastruktur layihələri barədə videoçarx nümayiş etdirilib. Daha sonra söz “Zirvə” Beynəlxalq İdman Klublarının prezidenti, sabiq ağır atlet, Əməkdar bədən tərbiyəsi və idman xadimi Tofiq Heydərova verilib. O, Azərbaycanda idmanın inkişaf etməsi haqda danışıb. Bununla yanaşı qeyd edib ki, ölkəmizdə dövlət qayğısı yalnız böyüklər yox, uşaq və yeniyetmə idmanına da yönəldilməli, gələcəkdə əldə ediləcək uğurların təməli indidən qoyulmalıdır. Heydərov bildirib ki, rəhbərlik etdiyi klub bunu özünə əsas istiqamət götürüb və ötən il həyata keçirilən infrastruktur layihələri, həmçinin möhtəşəmliyi ilə yadda qalan 7-ci Zirvə Beynəlxalq Uşaq Oyunları buna bir nümunədir. Natiqin sözlərinə görə, bu fəaliyyət 2020-ci ildə də davam etdiriləcəkdir. Mükafatlandırma mərasimi barədə də danışan Heydərov qeyd edib ki, bu dəfə klub sərhədlərindən kənara çıxara təmsil etdiyi cəmiyyət, yaxud klubdan asılı olmayaraq Azərbaycanı böyük yarışlarda layiqincə təmsil etmiş yeniyetmə idmançıları fərqləndirmək, onları gələcək qələbələrə stimullaşdırmaq qərarı qəbul edilib. Budəfəki “Zirve Awards”ın nominasiyalarının qaliblərində bunun əyani şahidi olunacaq.
Bildirilib ki, “Zirvə” Beynəlxalq İdman klublarının idmançıları daxili və beynəlxalq yarışlarda ümumilikdə 236 medal əldə ediblər. Bunlardan 96-sı qızıl, 62-si gümüş, 78-i isə bürünc medal olub. Bu medallardan 169-u daxili, 67-si isə ölkə xaricindəki yarışlarda qazanılıb. Fərqlənən idman növləri arasında ağır atletika ön planda olub. 2019-cu ildə onunla rəqabətə karate, takevondo, bədii gimnastika və cüdo idman növlərindəki təmsilçilər qoşularaq layiqli və nəzərəçarpacaq uğurlar qazanıblar.