Əvəz, Tehran və Ömər hamıdan güclü oldular

ESTAFET/ Xəbər verdiyimiz kimi, bugündən etibarən Şüvəlanda yerləşən Ağır Atletika Akademiyasının yarış zalında keçirilən kişilər və qadınlar arasında Azərbaycan çempionatı start götürüb. Qadınların mübarizəsindən və açılış mərasimindən sonra kişilərin mübarizəsi başlayıb.
Kişilərdən körpücük üzərinə ilk olaraq çəkisi 55 kq-a qədər olanlar çıxıb. Toplam 195 kq (85+110) çəkini ram edən Əvəz Tağıyev çempion adını qazanıb. Sonrakı yerləri müvafiq olaraq toplam 184 kq (81+103) nəticə ilə Qasım İsmayılov və toplam 163 kq (70+93) nəticə ilə Kənan Rəhimov tutublar.
Növbəti qaliblər 61 kq çəki dərəcəsində müəyyən olunub. Toplam 225 kq (100+125) nəticə ilə Tehran Məmmədov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Gümüş medal toplam 200 kq (90+110) nəticə ilə Elşən Məmmədova, bürünc medal isə toplam 199 kq (89+110) nəticə ilə Mehman Qəzənfərova qismət olub.
İlk yarış gününün sonunda kişilər arasında 67 kq çəki dərəcəsində qaliblər müəyyənləşib. Toplam 239 kq (110+129) nəticə ilə Ömər Cavadov bütün rəqiblərini qabaqlayaraq qızıl medala sahib çıxıb. İkinci pillədə toplam 238 kq (111+127) nəticə ilə Murad Əliyev, üçüncü pillədə isə toplam 230 kq (100+130) nəticə ilə Elməddin Hüseynov yer alıb.
