UEFA avrokubok oyunları öncəsi əllə görüşməyi qadağan etdi

ESTAFET/ UEFA koronavirus epidemiyasının yayılmasının qarşısını almaq məqsədilə növbəti qərar qəbul edib. Qitənin ali futbol qurumu futbolçulara avrokubok oyunları öncəsi əllə görüşməyin qadağan olunduğunu rəsmən açıqlayıb. Bu addım Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsi ilə atılıb.

Qeyd edək ki, qitə futbol qurumu daha əvvəl Çempionlar Liqasının 1/8 final mərhələsində "Valensiya" (İspaniya) - "Atalanta" (İtaliya), həmçinin Avropa Liqasının 1/16 finalının "Kopenhagen" (Danimarka) - "Başakşehir" (Türkiyə) matçlarının azarkeşsiz keçiriləcəyini açıqlayıb. Bundan başqa, ÇL-də 1/8 finalın PSJ (Fransa) - "Borussiya" (Dortmund, Almaniya) oyununa da azarkeşlərin buraxılmayacağı gözlənilir.

Müəllif: Natiq NƏSİROV