"Çempionat bu ay bərpa oluna bilməz": Ramin Musayev

ESTAFET/ Azərbaycan Premyer Liqasının daha 2 turunun oyunları və ölkə kubokunun yarımfinal mərhələsinin matçları təxirə salınıb. Bu barədə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev məlumat verib.
PFL rəhbəri koronavirus pandemiyasının yayılması səbəbindən dayandırılan Azərbaycan çempionatının bərpa müddətinin uzanacağını söyləyib. O, öncədən nəzərdə tutulduğu kimi, aprelin 14-dən Premyer Liqaya start verilməsinin mümkünsüz olduğunu vurğulayıb. Bu isə o deməkdir ki, Premyer Liqada aprelin sonlarında keçirilməsi nəzərdə tutulan XXV və XXVI turun, eyni zamanda ayın 22-29-da oynanılmalı olan ölkə kubokunun yarımfinal qarşılaşmaları həmin tarixlərdə baş tutmayacaq: "İndi desəm ki, aprelin 14-dən çempionatı bərpa edəcəyik, yalan olar. Bu, ölkədəki durumdan asılı olacaq. Nəinki aprelin 14-də, ümumiyyətlə, bu ay ərzində çempionat bərpa oluna bilməz. Bunun üçün ölkədəki vəziyyət düzəldikdən, virus bəlasından qurtulduqdan sonra futbolçuların özlərinə gələ bilmələri üçün ən azı 2-3 həftə vaxt lazım olacaq. Bu da ən yaxşı halda mayın əvvəllərinə təsadüf edəcək".
Ramin Musayev insanlara səbəbsiz şəhərə çıxmamağı məsləhət görüb: "Boş-boşuna şəhərə çıxmaqla bağlı qadağaları dəstəkləyirəm. İnsan təkcə özünü fikirləşməməlidir. "Artıq taleyim mənim üçün maraqlı deyil" düşüncəsi olmamalıdır. Axı ailəmiz, ətrafımızda insanlar var, onları da düşünməliyik. Hər kəs bu bəla tam keçənə qədər özünü qorumalıdır ki, ətrafını da qorumuş olsun. Diqqətsiz davranmaq ətrafındakı insanlara qarşı hörmətsizlikdir. Açığı, indiki vəziyyətdə bizi ilk növbədə insanların sağlamlığı düşündürür. Çempionat hazırda ikinci dərəcəlidir. Hər şeyi zamanın öhdəsinə buraxırıq. Təki sağlamlıq olsun, ölkədə əmin-amanlıq yaransın, başqa hər şeyin çarəsi var" .
Qeyd edək ki, koronavirus pandemiyası Premyer Liqanın XX turdan dayandırılmasına səbəb olub (apasport.az).
