"Hamı kimi biz də səbrlə gözləyirik": Samir Əliyev

ESTAFET/ "İlk növbədə xəstəliyin bütün dünyada yox olmasını arzulayıram. İzləyirik, gündə nə qədər insan bu virusdan ölür". Bu fikirləri 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Samir Əliyev deyib.

Gənc mütəxəssis koronavirus pandemiyası ilə əlaqədar dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da idman yarışlarının dayandırılmasına münasibət bildirib. O, hesab edir ki, vəziyyət düzəldikdən sonra ilk vaxtlar futbolçular üçün bir az çətinlik olacaq: "Amma zaman keçdikdə hər şey yoluna düşəcək. Futbolçuların yeganə problemi formanı bərpa etməkdir ki, o da tədricən düzələcək. Yəni katastrofik bir şey yoxdur. İndi futboldan da vacib insan sağlamlığıdır. Düzdür, çempionat oyunlarından ötrü darıxırıq. U-19-un məşqçiləri kimi həftəiçi U-19 liqasının, I divizionun matçlarına gedirdik. İstər-istəməz darıxdırıcıdır. Hamı kimi biz də səbrlə gözləyirik".

41 yaşlı çalışdırıcı Azərbaycan Premyer Liqasının ləğv olunmasını arzulamır. O, turnir cədvəlində hazırkı mövqeləyə əsasən mükafatlar verilməsini doğru hesab etmir: "Çempionatın bərpa olunmasını istəyərdim. Hazırda "Qarabağ"la "Neftçi" arasında çempionluq mübarizəsi davam edir. Mövsümün sonuna hələ 8 tur qalıb. Həmçinin sonuncu yerdə olan komandanın da 3-cü pilləyə yüksəlmək şansı var. Məncə, çempiontın davam etməsi daha ədalətli olardı. Əgər bərpa etmək mümkün olmasa, bu nə AFFA-dan, nə PFL-dən, nə də klublardan asılı olacaq. Düzdür, mövsüm davam etdirilməsə, hazırkı yerlərə görə mükafat verilsə, bir az haqsızlıq olacaq. Amma həyat bununla bitmir. Amma çox istərdim oyunlar sona qədər keçirilsin ki, sabah heç kim bəhanə gətirməsin".

Qeyd edək ki, 20 turdan sonra Premyer Liqada ilk "üçlük"də "Qarabağ" (45 xal), "Neftçi" (37) və "Keşlə" (30) qərarlaşır. Sonrakı yerləri müvafiq olaraq "Sumqayıt" (23), "Zirə" (23), "Sabah" (21), "Səbail" (20) və "Qəbələ" (19) tuturlar. (apasport.az)

Müəllif: Natiq NƏSİROV