FIFA rəsmisi açıqladı: Öncə yerli liqalar, sonra avrokuboklar

ESTAFET/ Aprelin 22-də UEFA üzvü olan 55 milli assosiasiyanın, qurumun İcraiyyə Komitəsi üzvlərinin iştirakı ilə növbəti videokonfrans keçiriləcək. Bunu FIFA Şurasının üzvü Evelina Kristillin açıqlayıb. Konfransda bu mövsümün yekunlaşdırılması ilə bağlı məsələlər müzakirə ediləcək.

O, həmçinin Avrokubokların yerli liqalardan sonra oynanılacağı barədə xəbərləri təsdiqləyib:  “Bildiyimə görə, UEFA və Avropa Klublar Assosiasiyası yol xəritəsi hazırlayıb. Buna əsasan Çempionlar Liqası və Avropa Liqasının matçları yerli liqalar başa çatdırıldıqdan sonra davam etdiriləcək”.

Xatırladaq ki, koronavirus pandemiyası səbəbindən UEFA avrokubok matçlarını 1/8 finaldan etibarən dayandırıb.

FIFA rəsmisi onu da deyib ki, Avropanın beş böyük liqası oyunları ən tez müddətdə bərpa etmək istəyir: “Amma bu, hökumətlərın qərarından sonra mümkün olacaq. Biz indi ilk növbədə insanların sağlamlığı və təhlükəsizliyini düşünməliyik”.

Müəllif: Məsim MƏSİMZADƏ