Rauf Məmmədov şahmat turniri təşkil edir

ESTAFET/ Şahmat üzrə kişilərdən ibarət Azərbaycan milli komandasının üzvü, beynəlxalq qrossmeyster Rauf Məmmədovun təşəbbüsü və dəstəyi ilə "Biz birlikdə güclüyük" adlı onlayn turnir keçiriləcək. 17 yaşadək şahmatçıların qatıla biləcəyi yarış İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq.
Mayın 1-də təşkil ediləcək turnir saat 18:00-da başlayacaq. Yarışın oyunlarında nəzarət vaxtı artırma olmadan 3 dəqiqədir. Heç bir üzvlük haqqı nəzərdə tutulmayıb.
Yarışın mükafat fondunu Rauf tərəfindən ayrılan 500 manat təşkil edir. 1-ci yer 100, 2-ci yer 80, 3-cü yer 50, 4-cü yer 40, 5-ci yer 30, 6-10-cu yerlər 20 manat əldə edəcək. Həmçinin, qızlar arasında I yer və 12 yaşadək iştirakçılar arasında ən yaxşı nəticə sahibi hərəyə 50 manat qazanacaq.
Oyunlar Məmmədov tərəfindən canlı olaraq şərh olunacaq. Turnir chess.com saytının "Biz birlikde gucluyuk” virtual klubu üzərindən (əvvəlki adı ilə U17 Qran-Pri klubu, Qran-Pridə qeydiyyatdan keçmiş şahmatçılar üçün təkrar qeydiyyata ehtiyac yoxdur, birbaşa yarışa qoşula bilərlər) keçiriləcək. Yarışda iştirak etmək üçün aşağıdakı şərtlərə əməl etmək lazımdır:
1. Öz chess.com profilində ad, soyad və yaşadığı rayonu (şəhəri) qeyd etmək.
2. Profil şəklinə üzünün aydın göründüyü şəkil yükləmək.
3. Profilin “haqqımda” bölməsində: təvəllüdünü, təhsil aldığı təhsil müəssisəsini, şahmatla məşğul olduğu şahmat məktəbini (klubunu) və əlaqə nömrəsi qeyd etmək. Arzu olunandır ki, şahmatçının fide profilinin linki də əlavə olunsun (əgər FİDE ID kodu varsa).
4. Şəxsiyyət vəsiqəsinin şəklini, şahmatçının kompüter (və ya telefon, planşet) qarşısında (ekranda chess.com-un şahmat lövhəsi görünməklə) çəkilmiş şəklini və istifadəçi adını (username, nickname) təşkilatçılara göndərmək.
5. Yuxarıda göstərilən tələbləri yerinə yetirdikdən sonra www.chess.com saytı üzərindən “Biz birlikde gucluyuk” virtual klubuna üzvlük üçün müraciət etmək (link: https://www.chess.com/club/biz-birlikde-gucluyuk). Müraciətdə yarış zamanı heç bir kənar vasitədən istifadə etməyəcəyinizə dair öhdəlik götürməyinizi təsdiq etmək üçün “Mən sizin şərtlərinizi qəbul edirəm” yazmağınız tələb olunur. Bu şərtlə hər bir iştirakçı ədalətli oyuna (Fair Play) dəvət olunur.
