Ayşən daha bir il “Vaşaş”da

ESTAFET/ “Mövsümün bərpa olunmadan başa çatdırılmasının elan edilməsi yaxşı olmadı. Çünki hədəflərimiz var idi ki, onlara bu üzdən çata bilmədik”. Bunu Azərbaycan milli komandasının voleybolçusu Ayşən Abduləzimova deyib

Ad günü ilə bağlı çıxış etdiyi Macarıstan təmsilçisi “Vaşaş”ın rəsmi saytına açıqlama verən voleybolçu yarımçıq başa çatan mövsümün yeganə təsəllisindən danışıb: “Amma heç olmasa Macarıstan kubokunda qalib gəldik. İndi evdə qaçır, məşq edirəm. Amma bu, topla oyun və gündə iki dəfə gerçəkləşən məşqlərin yerini vermir. Lakin biz durumu da qəbul etməliyik. Çünki bu, bütün dünyada belədir”.

Koronavirus pandemiyası üzündən sərhədlər bağlı olduğundan Ayşən 2018-ci ildən oynadığı ölkədə qalıb: “İki reys ləğv olundu. Bakıya nə vaxt uça biləcəyim də bəlli deyil. Bu üzdən yayla bağlı hər hansı planlarım yoxdur. Ailəmlə daha çox vaxt keçirmək istəyirəm”.

Voleybolçumuz arxada qalan mövsümdəki çıxışına da toxunub: “Burada üzərimə düşən təzyiq fərqlidir. Mən bu komandada yığmamı və ölkəmizi təmsil edirəm. Buna görə də klubumda çox yaxşı oynamalıyam. Çünki məsuliyyətim böyükdür. Çempionlar Liqasında mübarizə mənim üçün böyük təcrübə oldu. Ümid edirəm ki, payızda yenidən qayıdacağıq. “Konegliano” ilə görüş daim hamının yaddaşında qalacaq. Yaxşı mövsüm keçirdim, oyunlarda və məşqlərdə bütün gücümü qoydum. Ümid edirəm ki, rəhbərlik və azarkeşlər də məndən razı qalıb. Kubokun finalında aldığım və bir neçə oyunu buraxdığım cüzi zədənin müalicəsi koronavirus üzündən yarımçıq qaldı. Evə qayıtmağı gözləyirəm ki, bunu yekunlaşdırım”.

Müəllif: Natiq NƏSİROV