Qadın voleybolçuların Yüksək Liqasında finalçılar bəlli olub

Bu gün GİN-in Voleybol Mərkəzində təşkil olunan yarımfinal çərçivəsində “Milli Aviasiya Akademiyası” klubu “AZERRAIL” ilə, “Abşeron” isə  “Gəncə” komandası ilə qarşılaşıb.

Günün ilk oyununda “AZERRAIL” və “Milli Aviasiya Akademiyası” klubları üz-üzə gəliblər.

Gərgin keçən bu oyunda “Milli Aviasiya Akademiyası” 3:2 hesabı ilə qələbə qazanıb.

Cütün ilk qarşılaşmasında “AZERRAIL” 3:2 hesabı ilə qalib gəldiyindən ümumi hesab bərabərləşib və Qızıl setə ehtiyac yaranıb. Həlledici hissədə “AZERRAIL” 15:11 hesabı ilə qələbə qazanaraq finala yüksəlib. “Milli Aviasiya Akademiyası” isə bürünc medal uğrunda oyuna çıxacaq.

Ardınca meydançaya “Gəncə” və “Abşeron” komandaları çıxıblar. İlk oyunda 3:1 hesabı ilə qalib gələn “Abşeron” bu dəfə rəqibini 3:0 hesabı ilə məğlub edərək finala vəsiqə qazanan ikinci komanda olub.

Beləliklə, qadınların Yüksək Liqasında üçüncü yer  uğrunda “Milli Aviasiya Akademiyası” və “Gəncə” klubları, finalda isə “AZERRAIL” və “Abşeron” komandaları üz-üzə gələcəklər.

Yarımfinal (ikinci oyun)

“AZERRAIL” - “Milli Aviasiya Akademiyası” 2:3 (21:25, 25:17, 25:22, 16:25, 10:15)

Qızıl set 15:11

“Gəncə” - “Abşeron” 0:3 (17:25, 16:25, 17:25)

Müəllif: Bəhruz MƏMMƏDOV