“Getsələr futbol oynamayacaqlar”: Ceyhun Sultanov

ESTAFET/ “Müqaviləsi bitən futbolçuların heç biri ilə danışığımız olmayıb”. Bunu apasport.az saytına “Neftçi”nin idman direktoru Ceyhun Sultanov deyib.

Klub rəsmisi müqavilə müddəti mayın sonuna qədər olan oyunçularla bağlı hələ qərar verilmədiyini söyləyib: “Hər şey çempionatla bağlı qərardan asılı olacaq. İstənilən halda, oyunçuların taleyinə mövsümə yekun vurulduqdan sonra aydınlıq gələcək. Bütün proseslər gedişatdan asılıdır. Hələ bilmirik mövsüm bərpa ediləcək, yoxsa başa çatdırılacaq”.

Sultanovun fikrincə, mövsüm bərpa olunsa, sözləşmə müddəti bitən oyunçular qalıb sona qədər oynayacaqlar: “Açığı, “qalmaq istəməsələr” ifadəsini başa düşə bilmirəm. Mənə də maraqlı gələr ki, hansı futbolçu sevdiyi işdən imtina edər? Nə yerli, nə də əcnəbi oyunçularımızdan bununla bağlı nəsə eşitmişəm. Deyən yoxdur ki, getmək istəyirəm. Çünki getsələr gələn mövsümün startına qədər futbol oynamayacaqlar. Bu səbəbdən məcbur çıxıb oynayacaqlar ki, heç olmasa formanı bərpa etsinlər”.

Bakı klubunun nümayəndəsi oyunçularla tək-tək görüşüb söhbətləşdiyini də vurğulayıb: “Hələ heç bir oyunçu “Neftçi”ni tərk etməyib. İndiki vaxtda insanlar bir-birlərinin üzünü görmürlər. Futbolçuların hamısı buradadır. Hərdən çağırıb söhbət edirəm, hal-əhval tuturam”.

Müəllif: Orxan NOVRUZOV