"Qəbələ" Avrokuboka buraxılacaqmı?

ESTAFET/ AFFA-nın İcraiyyə Komitəsinin iclası keçiriləcək. İyunun ilk iki ongünlüyündə baş tutacaq tədbir onlayn şəkildə gerçəkləşdirəcək.

Komitə koronavirus pandemiyası üzündən yarımçıq dayandırılan yarışlarla bağlı qərar verəcək. Azərbaycan Premyer Liqasının iyunun 21-də bərpa edilməsi təsdiqlənməlidir. Bu üzdən də toplantının həmin tarixədək keçiriləcəyi dəqiqdir.

Videokonfrans və ya telefon danışıqları vasitəsilə veriləcək qərarlar arasında I divizionun taleyi də olacaq. Komitə üzvləri yarışın ləğvi və ya turnir cədvəlinin yekun kimi tanınmasını müəyyənləşdirəcək.

İcraiyyə Komitəsinin ən önəmli qərarlarından biri avrokuboklardakı təmsilçimizlə bağlı olacaq. Yarımçıq qalan U-19 Liqasının taleyini müzakirə edəcək üzvlər ölkəmizi UEFA-nın eyniadlı turnirinə vəsiqənin sahibini müəyyənləşdirəcək.

Qurum yarışın lideri “Qəbələ”ni çempion kimi elan edib, Avropaya göndərməklə “Sabah”ı ikinci, “Səbail”i üçüncü yerdə tanıya bilər. Amma liderdən bir xal geri qalan “Sabah”ın tarixində ilk dəfə qitə səhnəsinə çıxmaq şansının olması digər variantları da gündəmə gətirir. 

Qeyd edək ki, Gənclər Liqasında ilk dövrə başa çatsa da, liderlər “Qəbələ” və “Sabah”ın hərəsinin bir matçı təxirə salınıb. Çempionatın sonunadək 9 tur qalsa da, liderləri son dövrənin 8 matçı deyil, ümumilikdə 9 görüş gözləyir.

Müəllif: Natiq NƏSİROV