“A buraxılışı”ndan istifadə qaydaları

ESTAFET/ COVID-19 pandemiyası səbəbindən mart ayından etibarən dayandırılmış 2019/2020-ci illər futbol mövsümünün Əsasnaməsinə bu gün Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev tərəfindən əlavə təsdiq olunub. Əlavədə bir sıra təlimatlar nəzərdə tutulub. Təlimatda "A buraxılışı"ndan istifadə qaydaları aşağıdakı kimi müəyyənləşdirilib:
1. Mövsümün startından əvvəl klubların əsas və əvəzedici heyətinin üzvlərinə, Hakimlər və Hakim-İnspektorlar Komitəsinin əməkdaşlarına, yayımçı şirkətə “A buraxılışı” vəsiqələri verilib. Məlum “A buraxılışı” vəsiqəsindən istifadə mümkün qədər azaldılmalıdır. Qeydiyyatdan keçmiş şəxslərdən yalnız oyunun təşkilinə, keçirilməsinə, qiymətləndirilməsinə cavabdeh şəxslər stadiona gələ bilər. “A buraxılışı”ndan istifadə edən qurumlar bununla bağlı əməkdaşlarını məlumatlandırmalıdırlar.
2. Oyunun gedişində “A buraxılışı”ndan istifadə qaydaları eyni qalır. Komandanın futbolçu heyəti istisna olmaqla digər şəxslər onlara təqdim edilmiş mövsümlük vəsiqəni üzərlərində görünən səviyyədə daşımalıdırlar.
3. Klublara verilmiş “Qonaq” buraxılış vəsiqəsi qüvvəsini itirir. Bu addım oyunlara birbaşa cavabdeh olmayan şəxslərin gəlişinin qarşısı alınmaq üçün atılır.
4. Stadiona maşınla gələcək şəxsdə şəkilli “A buraxılışı” vəsiqəsi olmayacağı təqdirdə stadiona buraxılmayacaq.
5. Məsələdən irəli gələn məqamların tənzimlənməsində yerli klub polislə birgə fəaliyyət göstərməlidir.
6. Stadion ərazisində, bazada fəaliyyət göstərən hər bir kəs şəkilli “A buraxılışı”nı taxmalıdır.
