Hakimlər futbolçuların mübahisələrini kənardan müşahidə edəcəklər

ESTAFET/ COVID-19 pandemiyası səbəbindən mart ayından etibarən dayandırılmış 2019/2020-ci illər futbol mövsümünün Əsasnaməsinə bu gün Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev tərəfindən əlavə təsdiq olunub. Əlavədə bir sıra təlimatlar nəzərdə tutulub. Hakimlər üçün aşağıdakı tənzimləmələr nəzərdə tutulub:

1. Komandalar oyundan 1 gün əvvəl ən geci saat 16:00-a qədər istifadə edəcəkləri bütün geyim ləvazimatlarının və fərqləndirici üst geyimlərin fotosunu Peşəkar Futbol Liqasına və Hakimlər Komitəsinə elektron şəkildə göndərməlidirlər. 

2. Hakimlər biriqadası ən geci oyunun başlamasından 90 dəqiqə öncə stadionda olmalıdır.

3. Oyundan öncə keçirilən iclasda hakimlər iştirak etməyəcəklər.

4. Oyundan öncə püşkatma zamanı yalnız baş hakim və komandaların kapitanları sosial məsafə qorunmaqla iştirak edə bilərlər.

5. Elektronik lövhə 4-cü hakim tərəfindən qaldırılacaq. Dəyişiklik edən komandanın rəsmisi bunu tabloda qeyd etdikdən sonra yerli komandanın təyin etdiyi şəxs tərəfindən tablo dezinfeksiya edilir. Daha sonra hakim dəyişikliyi elan etmək üçün tablonu götürür. 

6. Mübahisəli top epizodunda hakim meydandakı topu əlinə götürməyəcək. Ona dördüncü hakimin yanında olan və dezinfeksiya edilmiş top veriləcək. Bu top 4-cü hakimin yanında saxlanılmalıdır.

7. Hakimlərin soyunub-geyinmə otağı dezinfeksiya edilməlidir və kənar kimsə oraya daxil ola bilməz (təxirəsalınmaz  hadisə istisna olmaqla)

8. Hakimlərin soyunub-geyinmə otağında əl üçün dezinfeksiyaedici vasitə yerləşdirilməlidir.

9. Hakim mübahisəli vəziyyətlər zamanı oyunçular arasında iğtişaş yarandıqda onlara fiziki təmasla müdaxilə etməməli, kənardan durub müşahidə etməlidir.

10. Oyundan sonra olacaq matç protokolu hakimlər tərəfindən ev sahibi komandanın onlara verdiyi kompüter vasitəsiylə (dezinfeksiya edilmək şərti ilə) soyunub-geyinmə otağında tərtib ediləcək. Hakim hazırladığı protokolu otaqda yer alan printer vasitəsiylə özü çap etməlidir. Və yaxud komandalar tərəfindən hakimlərin gəlişindən öncə otaqda yerləşdirilməlidir.

Müəllif: Natiq NƏSİROV