“18 yaşlı oğluma idman tarixində görünməyən cəzanı verdilər”: Həsənov

ESTAFET/ Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən dopinqdən istifadəyə görə 12 il müddətinə diskvalifikasiya olunan ağırlıqqaldıran Həsənbəy Həsənzadənin atası və keçmiş şəxsi məşqçisi Rasim Həsənovun apasport.az saytına müsahibə verib. Müsahibəni sizə təqdim edirik. 

- Oğlunuz Həsənbəy Həsənzadə dopinqdən istifadə səbəbindən AMADA tərəfindən 12 illik diskvalifikasiyaya məruz qalıb. Qərara münasibətiniz necə oldu?
- Verilən qərar konkret qərəzlidir. Hələ birinci dəfə dopinq söhbəti çıxanda onlara bildirdik ki, uşaq xəstə olub. Millinin düşərgəsində olarkən Şüvəlan toplanışı zamanı xəstələnib, evə göndəriblər. Əslində, Azərbaycan Ağır Atletika Federasiyasının vasitəçiliyi ilə reabilitasiya mərkəzinə aparılmalı idi. Ancaq federasiya bunu etmədi. Həsənbəy pnevmoniya olmuşdu. Müalicəsi üçün müxtəlif dərmanlardan istifadə elədik. Dərmanlardan biri oksandrin idi. İnternet vasitəsilə öyrəndik ki, pnevmoniyaya qarşı ən güclü dərman budur. Həmin dərman vasitəsilə oğlum sağaldı. Amma sonra dopinq nəzarətindən keçəndə dedilər ki, orqanizmində oksandrolon var. Biz də söylədik ki, oksandrolon yox, oksandrindən istifadə etmişik. Halbuki ayrı-ayrı dərmanlardır. Etirazımızı bildirdik ki, xəstə olarkən oksandrindən istifadə edilib. Həmin maddədən xaricdə pnevmoniya xəstəliyi zamanı istifadə olunur. Dərmanı alıb oğluma verməyim qəbahət sayılır? Axı uşaq çox pis durumda idi. 

- Həmin dərmandan istifadə zamanı həkimlə məsləhətləşmişdiniz?
- Bu maddənin dopinq sayılmasından məlumatımız yox idi. Xəstə olanda məcbursan nədənsə istifadə edəsən. Xəstəlik 4 ay şiddətləndi, öskürəyi dayanmadı. Məşqdən sonra kondisionerli otaqda ikitərəfli sətəlcəm olmuşdu. Baş məşqçi özü göndərdi ki, uşaq pis vəziyyətdədir. Heç bir dərmanın da köməyi yox idi. Həkimlə məsləhətləşdim, internetdə də yazılmışdı ki, ən güclü dərman budur. Həkimimiz ağ ciyər üzrə mütəxəssisdir. AMADA isə həmin maddəni oksandrolon kimi yazdı, 4 illik şərti kənarlaşdırılma cəzası verdi.

- İl ərzində ikinci cəza nə ilə bağlı oldu?
- Əslində məcburi uzaqlaşdırma 6 ay ərzində rəsmiləşməli idi. Beynəlxalq Antidopinq kodeksində belə nəzərdə tutulub. Ancaq AMADA buna məhəl qoymadı, 8 aydan sonra ikinci analiz üçün nümayəndə göndərdi. İkinci analizdən sonra da qısa müddətdə məlumat verdilər ki, müxtəlif maddələrdən istifadə olunub, o da dopinq sayılır. Amma heç birini qəbul eləmirik. Çünki oğlum ilk cəzadan sonra stressə düşmüşdü, heç idman da eləmirdi. 4 illik cəza alan, yarışa çıxmayacağını bilən idmançının dopinqdən istifadə üçün nə marağı ola bilər? Apelyasiyaya vermişdik. İkinci dəfə 8 illik cəza kəsdilər. İkisini birləşdirib idman tarixində görünməyən cəzanı verdilər. 18 yaşlı idmançı 12 illik diskvalifikasiya olundu. İnanırsınız, bunu araşdıran həkim aptek işçisi idi, çox aşağı səviyyədə həkim idi. Aptek işçisi müalicə həkiminin yazdığı reseptdən irad tutdu. Bizə verdikləri məlumatlar yanlış və ağılasığmaz idi. Kirli oyunları kim qurubsa, qərəzinin səbəbini də o bilər.

- Araşdırma zamanı müalicə olunarkən yazılan reseptlər sizdən tələb olunmadı?
- Reseptlərin bəzilərini verdik. Mən hardan bilərdim ki, uşaq dopinqə düşəcək? Bunu bilsəydim, reseptləri yığıb saxlayardıq. İddia elədilər ki, həkimin reseptində tarix uyğun gəlmir. Halbuki bəzilərini itirdiyimiz üçün arada boşluq yaranması normal idi. Vəkilimiz onlara rəsmi məlumat da verdi. Səhiyyə nazirinin qərarı var ki, reseptlərdə nömrə məcburi deyil. Blankın forması standarta uyğundursa, nömrənin uyğun gəlməməsinin əhəmiyyəti yoxdur. Apelyasiya şikayəti edəndə bunların hamısını sual kimi ünvanladıq, amma heç birini cavablandırmadılar. 

- Azərbaycan Ağır Atletika Federasiyasının məsələyə mövqeyi necə oldu?
- İntizam Komitəsinin iclası olanda nə federasiyadan, nə də yığmadan nümayəndə çağırdılar. İstəyirdik iştirak eləsinlər ki, uşağın xəstə olduğunu təsdiqləsinlər. Həsənbəy yığmanın üzvü olduğu halda heç kimi nə çağırdılar, nə də özləri gəlmək istədilər. Federasiya vaxtında uşağın müalicəsi ilə özü məşğul olmadı. Heç maraqlanmadılar, müalicəni də məcburiyyətdən özümüz elədik. Çünki millinin həkiminin yanına gedəndə demişdi ki, mənlik deyil. Dopinq məsələsi çıxanda federasiyanın baş katibi Rizvan Rəsulova izahat da verdik ki, xəstələndi, müalicəsi ilə məşğul olmadınız. Hətta Ağır Atletika Federasiyasının rəhbərliyinə də baş verənləri yazdım. Mənə dedilər ki, bizim TI proqramımız var. Yəni qadağan olunmuş maddədən istisna halda istifadə eləmək. Bildirdim ki, bu barədə bizə heç vaxt məlumat verilməyib, maarifləndirmə aparılmayıb. Bunların TI proqramına görə, idmançı qadağan olunmuş maddəni AMADA-nın icazəsi ilə istifadə edə bilər. İndi düşünün ki, AMADA-nın icazəsi ilə istifadə edəndə dopinq sayılmır, icazəsiz edəndə sayılır. Yəni Həsənbəy AMADA-ya deyib oksandrindən istifadə etsəydi, dopinq sayılmayacaqdı. Əgər qadağan olunmuş maddədirsə, bu qərarı necə başa düşək?

- Yenidən apelyasiyaya müraciət etmək fikriniz var?
- Bizi elə vəziyyətə saldılar ki, apelyasiya vermək iqtidarında olmadıq. Əvvəla karantin oldu. İkincisi, xaricdə Lozanna İnzibati İdman Məhkəməsinə müraciət etməliyik. Bunun üçün də 1800 avro pul ödəməliyik, üstəlik, vəkil tutmalıyıq. Bu məbləği qarşılamağa imkanımız da yoxdur. AMADA-nın bu qərarı daxili qanunvericiliyə tabe deyil. Niyə? Sən əsassız qərar verməlisən, biz də onu götürüb İsveçrəyə getməliyik? Bu qərarı milli agentlik veribsə, məsələyə niyə respublikanın hansısa məhkəməsində baxılmasın? Bunlar da deyirlər ki, şikayət yalnız ora ünvanlanmalıdır. Artıq vaxtı da keçib. Əgər AMADA bura tabe deyilsə, o zaman niyə qərarlarını milli agentlik adı altında verir? O boyda pulu hardan tapaq, buradakı bir qərarın ləğvi üçün niyə İsveçrəyə gedək?

- Həsənbəy bundan sonra karyerasını başa vuracaq, yoxsa başqa ölkənin bayrağı altında çıxış edə bilər?
- 18 yaşı tamam olmamış məcburi kənarlaşdırılma cəzası verdilər. Qərar verərkən heç olmasa bunu nəzərə alaydılar. Axı bu uşağın arzuları var idi, ölkənin bayrağı altında çıxış etmək istəyirdi. İndi oğlum 31 yaşına qədər oturub gözləməlidir? Onsuz da, səhv cəza verirsən, heç olmasa 3-4 illik cəza kəs də. İndiki məqamda hansı ədalətdən danışmaq olar? Biz mübarizəmizi aparırıq. Alınmasa, biri istisna olmaqla, oğlum hər hansı bir ölkənin bayrağı altında çıxış edəcək. Xüsusən də, Türkiyə, Gürcüstan və ya Rusiya kimi ölkələrdən birinə yollanacağına ümid edirəm.

Müəllif: Estafet.az