“Bir bayraqla təhlükənin qarşısını alırıq” - Kamilə Abdullayeva

Azərbaycan Qran-prisində marşal kimi iştirak edən könüllülər yarışın təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayırlar.

innews.media xəbər verir ki, bu fikirləri Formula 1 Azərbaycan Qran-prisinin marşal təlimlərində iştirak edən Kamilə Abdullayeva jurnalistlərə açıqlamasında bildirib.

Artıq 5 ildir Formula 1 yarışlarında marşal kimi fəaliyyət göstərən Abdullayeva könüllülük prinsipi ilə işlədiklərini və əsas vəzifələrinin yarış zamanı təhlükəsizliyi təmin etmək olduğunu deyib:

“Biz yarış zamanı trasın müxtəlif nöqtələrində dayanaraq təhlükəsizlik siqnalları veririk. Əlimizdə olan sarı bayraqları yelləməklə, qəza, avtomobilin dayanması və ya trekdə hər hansı maneə yaranması hallarını sürücülərə bildiririk. Bu siqnalı görən pilotlar dərhal sürəti azaldır və diqqətli olurlar. Əldə etdiyimiz məlumatları komanda üzvlərinə ötürürük, bu da rejissorlar tərəfindən dərhal qəbul edilir və tədbir görülür. Beləliklə, potensial qəzanın qarşısı alınır”.

Kamilə Abdullayeva həmçinin "grid" zonasında və trek üzərindəki müxtəlif postlarda xidmət etdiyini bildirib. Onun sözlərinə görə, marşallar yarışın idarə heyəti və rejissorlarla sıx əməkdaşlıq şəraitində çalışırlar:

“Bu komanda işi olmadan yarışın təhlükəsiz və qaydalara uyğun keçməsi mümkün deyil. Biz marşallar, görünməsək də, bu prosesin vacib parçasıyıq”.

Qeyd edək ki, növbəti Formula 1 Azərbaycan Qran-prisi 19–21 sentyabr tarixlərində Bakıda keçiriləcək.

Müəllif: Bəhruz MƏMMƏDOV