“Hər ssenarini əvvəlcədən məşq edirik” - Aysel Nağıyeva

Marşalların keçdiyi təlimlər yarış zamanı düzgün və operativ qərarların verilməsində əsas rol oynayır.
innews.media xəbər verir ki, bu sözləri Formula 1 Azərbaycan Qran-prisinin təlim proseslərində iştirak edən marşal Aysel Nağıyeva jurnalistlərə açıqlamasında bildirib.
Artıq 8 ildir Formula 1 yarışlarında marşal kimi fəaliyyət göstərən Nağıyeva əsas ixtisasının hüquqşünaslıq olduğunu deyib. O, yarışın təhlükəsiz keçirilməsində marşalların hazırlıq səviyyəsinin mühüm olduğunu vurğulayıb:
“Hər il keçirilən təlimlər bizim üçün çox vacibdir. Burada biz real yarış zamanı baş verə biləcək müxtəlif ssenariləri əvvəlcədən hazırlayırıq. Hər bir hadisənin başvermə ehtimalı üzrə nə edəcəyimizi planlaşdırırıq. Bu, həm nəzəri, həm də praktiki məşğələlərdən ibarətdir”.
Nağıyevanın sözlərinə görə, təlimlər təkcə texniki hazırlıq deyil, eyni zamanda emosional gərginliyin idarə olunması baxımından da önəmlidir:
“Yarış zamanı müəyyən qədər həyəcan olur. Təlimlər bu həyəcanın idarə edilməsinə, soyuqqanlı qərar verməyə kömək edir. Müzakirə olunan ssenarilər sayəsində biz nə zaman necə reaksiya verəcəyimizi artıq instinktiv bilirik. Bu da yarışın təhlükəsiz və peşəkar səviyyədə keçirilməsinə imkan verir”.
Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-prisi 2025-ci ilin 19-21 sentyabr tarixlərində Bakıda keçiriləcək.
