"Fənərbağça"da sürpriz baş məşqçi
ESTAFET/ "Fənərbağça"nın yeni baş məşqçisi müəyyənləşib. Məşhur əcnəbi mütəxəssislərlə danışıqlar apardığı deyilən İstanbul klubunu yerli mütəxəssis çalışdıracaq. Belə ki, klub rəhbərliyi "Alanyaspor"un baş məşqçisi Erol Bulutla anlaşıb. Bu barədə "TRT Spor" məlumat yayıb.
Məlumata görə, Bulut Türkiyə Kubokunun "Alanyaspor" - "Trabzonspor" finalından sonra "Fənərbağça" ilə müqavilə imzalayacaq. O, yeni işinin icrasına 8 avqustda başlayacaq.
Qeyd edək ki, "Fənərbağça"ya Ersun Yanalın istefasından sonra Tahir Karapınar başçılıq edirdi.
Xatırladaq ki, Bulut futbolçu karyerası ərzində (1995-1999) "Fənərbağça"da oynayıb. Baş məşqçi kimi 2017-2019-cu illərdə "Yeni Malatyaspor"a başçılıq edən 45 yaşlı mütəxəssis ötən ildən "Alanyaspor"u çalışdırır. Komanda onun rəhbərliyi altında 2019/20 mövsümünü Superliqanın 5-ci pilləsində başa vurub və kubokun finalına çıxıb. (fanat.az)