Rauf dünyaya meydan oxuyan şahmatçıya qalib gəldi

ESTAFET/ Azərbaycan şahmatçısı Rauf Məmmədov növbəti qələbəsini qazanıb. Qossmeysterimiz dünyaya meydan oxuyan Daniel Naroditskini dayandırıb.

25 yaşlı ABŞ şahmatçısı iyulun 5-də “Naroditski dünyaya qarşı” adlı seriyaya start verib. Özünü sürətli şahmatda qarşısıalınmaz hesab edən qrossmeyster klassik şahmatda dünya çempionu Maqnus Karlsen də daxil olmaqla, planetin ən yaxşılarını ard-arda məğlubiyyətə uğradıb.

Seriyada 13:1 hesabı ilə öndə olan Naroditskinin 15-ci rəqibi Rauf olub. Onlayn sürəli şahmatda ardıcıl uğurlu turnirlər keçirən həmyerlimiz Danielə də yerini göstərib. Məmmədov Dünya yığmasının nüfuzunu qoruyaraq amerikalı rəqibini 36:25 hesabı ilə üstələyib. 

Qeyd edək ki, 1995-ci ildə ABŞ-ın San-Mateo şəhərində anadan olan Danielin valideynləri Bakıdan Şimali Amerikaya köçüb. O qədər də yüksək FİDE reytinqi ilə öyünə bilməyən Naroditski əsasən nəzəriyyəçi kimi tanınır. O, bir neçə kitab və məqalələrin müəllifidir.

Müəllif: Natiq NƏSİROV