BUENOS-AYRESƏ İLK LİSENZİYA AGIR ATLETLƏRDƏN GƏLDİ
ESTAFET/ Tailandın Banqkok şəhərində keçirilən yeniyetmələr arasında 7-ci Dünya çempionatı başa çatıb. 99 ölkədən 445 atletin (197 qız və 248 oğlan) iştirak etdiyi birincilik gələn il Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək Yeniyetmələrin Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyırdı. Belə ki, Banqkokda yığmalar səviyyəsində ən yaxşı çıxış edən komandaların indidən Olimpiya lisenziyası qazanmaq şansı yaranıb. Azərbaycan bu şansdan yetərincə yararlana bilib.
Hər ölkə maksimum 2 lisenziya əldə etmək üçün müəyyən xal ehtiyatına malik olmalı idi. Dünya birinciliyində hər bir atlet əldə etdiyi medalla yanaşı, öz ölkəsinin xal ehtiyatını müvafiq olaraq artırır. 1-ci yeri tutan ağır atlet 28, 2-ci yeri tutan 25, 3-cü yeri tutan 23 xal, bundan sonrakı bütün yerlərə görə isə bir xal azalma prinsipi ilə xal qazanılır: 4-cü yer 22, 5-ci yer 21 xal və nəhayət, 25-ci yer 1 xal. Yarışda bütün çəki dərəcələri üzrə mübarizə bitdikdən sonra xal ehtiyatı ən çox olan 7 ölkə 2, sonrakı 10 ölkə isə 1 komanda lisenziyası əldə edə bilirdi. Əlavə edək ki, xal hesabı ölkənin yarışda iştirak edən 6 ən yaxşı atletinin qazandığı xala əsasən aparılırdı. Dünya birinciliyində iştirak edən Azərbaycan yığması da Tailanda məhz lisenziya dalınca yollanmışdı. Sevindiricidir ki, komandamız bu işin öhdəsindən gələ bildi. Yeniyetmə atletlərimizin tutduğu yer və qazandırdıqları xal siyahısı belə idi:
Azərbaycan yığmasına ən çox qazandıran 6 atletin ümumi xalı 90 oldu. Bu xallarla komandamız dünya birinciliyinin ümumi sıralamasında 9-cu yeri tutdu və Yeniyetmələrin Olimpiya Oyunlarına 1 lisenziya qazanmış oldu.
Yığma komandamızın gələn il qitə birinciliyində komanda hesabında ilk 4 yerdən birini tutmaqla daha bir lisenziyaya qazanmaq şansı var.