Ronaldinyo azadlığa buraxılacaq

ESTAFET/ Braziliya millisinin sabiq futbolçusu Ronaldinyo azadlığa buraxıla bilər. Sərhədi saxta sənədlə keçdiyi üçün Paraqvayda həbs edilən DÇ-2002-nin qalibinin avqustda ev dustaqlığından azad olunacağı gözlənilir.

Təxminən 90 faizi yekunlaşan istintaq nəticəsində məlum olub ki, braziliyalı yalnız saxta sənəddən istifadədə günahkardır və Paraqvay polisinin üzə çıxardığı cinayətkar sxeminin üzvü deyil. Bu sxemin 14 üzvü pulların yuyulması və valyuta alverinə görə həbs olunub. Bu səbəbdən də Braziliyadan Paraqvaya saxta sənədlə keçən Ronaldinyo və qardaşının işi bu ay bağlanacaq. Onlara günahlarını etiraf edərək cərimə ödəmək təklif olunacaq.

Qeyd edək ki, braziliyalılar martda həbs olunaraq həbsxanaya göndərilib. Aprelin 9-də Ronaldinyo və qardaşı 1,6 milyon dollar girov qarşılığında ev dustaqlığına buraxılıb.

Müəllif: Natiq NƏSİROV