“Azərreyl” daha dörd oyunçu ilə yollarını ayırır
ESTAFET/ Qadın voleybolçulardan ibarət Bakının “Azərreyl” klubu daha dörd oyunçu ilə yollarını ayıracaq. Paytaxt təmsilçisi sloveniyalı Moytsa Penenin ardınca digər legionerləri də yola salmağa qərar verib.
Bunlar amerikalılar Naya Krittendenlə Kazmier Braun, slovakiyalı Romana Hudeçova və ispaniyalı Anna Nyusomdur. “Azərreyl” artıq həmin voleybolçulara müraciət edərək müqavilələrə xitam verilməsi ilə bağlı danışıqlara başlayıb. Onlar da buna anlayışla yanaşır.
Koronavirus pandemiyası ilə bağlı Bakıdakı sərt karantin rejimi səbəbindən məşq edə bilməyən və avrokuboklardan imtina edən klubun rəhbərliyi belə vəziyyətdə legionerləri saxlamağa ehtiyac duymayıb. Onların əvəzinə gənc voleybolçuların heyətə cəlb edilməsi və təcrübə toplayaraq Azərbaycan yığması üçün yetişməsi məqsədinə üstünlük verilib.
Qeyd edək ki, “Azərreyl” 5 oyunçu ilə vidalaşdıqdan sonra heyətində 6 voleybolçu qalacaq.